...

Əmək müqaviləsi ilə bağlı elektron informasiya sisteminə 10 milyon 453 min müraciət olub

Cəmiyyət Materials 25 Dekabr 2017 15:56 (UTC +04:00)
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 10 milyon 453 min dəfə müraciət olunub
Əmək müqaviləsi ilə bağlı elektron informasiya sisteminə 10 milyon 453 min müraciət olub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilərək şəffaflaşdırılmasına şərait yaratmaqla, əmək bazarı iştirakçılarının qanuni maraq və mənafelərinin təminatına hüquqi əsas formalaşdırır.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatına, işçilərə onlarla bağlı sistemə daxil edilən əmək müqaviləsi bildirişləri barədə məlumat, iş yerinə dair elektron qaydada arayış əldə etməyə imkan verən bu sistem “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi rola malikdir. Bunun göstəricisi kimi, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,5 faizi və ya portala müraciətlərin 10 milyon 453 mini Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.

2014-cü ilin iyul ayından tətbiqinə başlanan həmin sistem özündə üç e-xidməti - “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərini birləşdirir. Ölkəmizin əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra rəsmiləşir. Bu prosedur “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə icra edilir. Əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasında olan bu e-xidmətdən indiyədək 8 milyon 410 min dəfədən çox istifadə qeydə alınıb.

Həmçinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti işçilərə onlarla bağlı sistemə daxil edilən bütün əmək müqaviləsi bildirişləri barədə məlumat öyrənməyə, “İş yerinə dair arayış” e-xidməti isə hər bir işçiyə işəgötürənə müraciət etmədən və bunun üçün vaxt, zəhmət sərf olunmadan istənilən vaxt öz iş yerinə dair elektron qaydada arayış əldə etməyə imkan verir. Bu e-xidmətlərə isə indiyədək müvafiq olaraq 1 milyon 262 min 300 dəfə və 780 min 700 dəfə müraciət olunub.

Ümumilikdə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə hazırda 30-a qədər e-xidmət əhalinin istifadəsindədir və ötən dövrdə həmin e-xidmətlərdən 22,3 milyon dəfədən çox istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti