...

2017-ci ildə Azərbaycan səhiyyəsinin UĞURLARI

Cəmiyyət Materials 3 Yanvar 2018 08:08 (UTC +04:00)
Bu il Azərbaycan səhiyyəsində ən əsas hadisə uzun müddətdir gözlənilən icbari tibbi sığortanın tətbiqinə başlamaq oldu.
2017-ci ildə Azərbaycan səhiyyəsinin UĞURLARI

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-ci ildə Azərbaycan səhiyyəsində əsas hadisə uzun müddətdir gözlənilən icbari tibbi sığortanın tətbiqi oldu. Bu məqsədlə həyata keçirilən ilk pilot layihənin icrası üçün məkan olaraq Mingəçevir şəhəri və Yevlax rayonu seçildi.

2017-ci il yanvarın 1-dən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda pilot layihənin icrasına başladı.

Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil edib. Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Qeyd edək ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə həyati vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində müvafiq maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən icra edilməsi mümkün deyil. Bu səbəbdən sözügedən xidmətlər Agentliklə müqavilə bağlamış 4 tibb müəssisəsi tərəfindən göstərilib.

Səhiyyə sahəsində 2017-ci ilin ən mühüm hadisələrindən biri də yeni əczaçılıq zavodlarının təməlinin qoyulması oldu.

“Scandens Pharmaceuticals Industries Ltd” tərəfindən bərk formalı dərman vasitələri - kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatları hazırlanacaq.

Yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək. Bu isə daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 milyon tablet, 40 milyon kapsul və 20 milyon ampulaya qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.

İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaq. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq, istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.

2017-ci ildə, eyni zamanda, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyuldu. Zavoda ilkin mərhələdə 20,6 milyon dollar invesisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. “Caspian Pharmed” zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq.

Ötən il Bakıda Pirallahı Sənaye Parkında "TPICO", "Azərsun Holdinq" və Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə daha bir əczaçılıq zavodunun təməli qoyuldu. Dəyəri 30 milyon dollardan çox olan zavod iki il ərzində istismara veriləcək. Layihənin ilk mərhələsində həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanların istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Yeni müəssisələr isə Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Yeni zavodlar bu idxal yükünün azaldılması baxımından böyük əhəmiyyət kəsb edəcək.

2017-ci ildə həm də gözlərində ciddi problemi olan xəstələr üçün mühüm qərar verildi.

Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı möcvud problemləri aradan qaldırmaq üçün gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edildi.

Prezident İlham Əliyevin imzaladığı “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanla Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verildi.

Hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır. Gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Əməliyyatlar mərkəzdə icra olunacaq.

Ötən ilin mühüm hadisələrindən biri təmirlə əlaqədar 2013-cü ildən fəaliyyəti dayandırılan Bakıda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının yenidən istifadəyə verilməsi oldu.

2017-ci ildə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrində tibbi statistika sahəsində işin təkmilləşdirilməsi üçün yeni tibbi statistika sənədləri tətbiq edildi. Yeni statistika sənədlərinin tətbiqində məqsəd tibb müəssisələrinin tibbi qeydiyyat sənədlərini nizama salmaq, səhiyyə müəssisələrinin fəaliyyətini əks etdirən məlumatların tamlığını və düzgünlüyünü təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti