...

Çikaqoda Azərbaycanın İpək Yolunda mərkəzi rolu vurğulanıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2018 06:19 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin 20 aprel tarixində ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Son illərdə artıq ənənə halını almış bu konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunmuş və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görülər tədbirlər barədə təqdimatlar verilib. Azərbaycanla yanaşı, tədbirdə Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr iştirak edib. Tədbirə həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, eləcə də ABŞ-ın Mərkəz-Qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və regionda biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri qatılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən xəbərə görə,Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi bu ilki konfransda da ölkəmiz Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təmsil edilib. Səfirliyin əməkdaşı Azad Aslanov tədbirdə çıxış edərək iştirakçıları ölkəmizin bu yolun bərpasına verdiyi töhfələri, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat layihələri, həmçinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlər və biznes əlaqələrinin inkişafı üzrə mövcud imkanlar bərədə məlumatlandırılıb. Xüsusən ötən ilin sonunda Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin açılışı, Cənub Qaz Dəhlizinin tikintisi üzrə əldə olunan inkişaflar barədə danışılmış və bu kimi layihələrin iqtisadi faydaları ilə yanaşı, regionlar arası təmasların və mədəniyyət ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda, regionda olan münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sabitliyə, inkişafa və rifaha yaratdığı təhdidlər göstərilib.

Tədbirdə çıxış edən bəzi çıxışçılar tərəfindən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, bir sıra şirkətlərin nümayəndələri ölkəmizdə biznes imkanları və turistik səfərlər ilə maraqlanıb.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın dəstəkləyici təşkilatları qismində ABŞ-Azərbaycan Ticarət Palatası, “SME Group” şirkəti, “Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi”, Türkiyənin Hacıtəpə Universitetinin Biznes Kolleci, “ABŞ-Qazaxıstan Biznes Assosiasiyası” və digərləri çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti