...

ADU-da ulu öndər Heydər Əliyevə həsr edilmiş beynəlxalq konfransın bağlanış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2018 17:24 (UTC +04:00)
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib.
ADU-da ulu öndər Heydər Əliyevə həsr edilmiş beynəlxalq konfransın bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirib.

ADU-dan Trend-ə verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdəki, bölmə iclasları Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Minsk Dövlət Linqvistika Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda, Auqsburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzusunda, Azərbaycan Dillər Universitetində “Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda keçirilib. Bölmə iclaslarında ADU-nun, eləcə də AMEA-nın, digər universitetlərin alimləri, professorları, elm adamları iştirak ediblər.

Bu gün ADU-da ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində Türkiyə Respublikasından 6 nəfər, Gürcüstan Respublikasından 7 nəfər, İtaliya Respublikasından 9 nəfər, Çin Xalq Respublikasından 8 nəfər, Rusiya Federasiyasından 11 nəfər, Belarus Respublikasından 2 nəfər, Ukrayna Respublikasından 2 nəfər, Almaniya Federativ Republikasından 4 nəfər olmaqla ümumilikdə 48 nəfər xarici qonaq iştirak edib.

Tədbirdə eyni zamanda Prezident Administrasiyasının, Yeni Azərbaycan Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Nəsimi rayon İcra hakimiyyətinin, Azərbaycanda akreditasiya olunmuş müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, millət vəkilləri, universitet rektorları, milli və dini icmaların rəhbərləri və nümayəndələri iştirak edib.

Bağlanış mərasimindən öncə ADU rektoru Kamal Abdulla başda olmaqla, universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin foyesində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyublar. Sonra Heydər Əliyevin 95 illiyi ilə əlaqədar universitetin həyətində müxtəlif növ dekarativ çiçəklər əkilib.

Bundan sonra konfransın bağlanış mərasimi başlayıb.

Açılış nitqi ilə çıxış edən K.Abdulla tədbir iştirakçılarını salamlayaraq, təbriklərini çatdırıb: “Əziz dostlar, hörmətli qonaqlar, möhtərəm millət vəkilləri, nazirlik və icra nümayəndələri, hörmətli ictimai-siyasi xadimlər, ali məktəb və elmi müəssisə rəhbərləri, hörmətli həmkarlar və əziz tələbələr!

Hamınızı səmimi qəlbdən salamlayıram və “Heydər Əliyev – 95” devizi altında “Heydər Əliyev: multikuturalizm və tolerantlıq ideyalogiyası” adlı konfransın öz işini yüksək səviyyədə başa vurması münasibətilə hamınızı təbrik edirəm”.

Konfransın ulu öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunduğunu deyən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi, ulu öndərin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın xarici ölkələrdə baş tutan bölmə iclasları çox yüksək səviyyədə keçib: “Konfransın formatı unikaldır. Konfransın bölmə iclasları 10 ölkədə, 14 universitetdə yüksək səviyyədə baş tutdu. Bölmələrin mövzuları çox maraqlı idi. Bölmə iclası hansı ölkədə keçirilirdisə, həmin ölkə ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu mövzusu müzakirə olunurdu, ulu öndərin siyasəti daha dərindən öyrənilirdi. Bu konfrans ulu öndərin xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda da universitetimizin xarici əlaqələrinin dərinləşməsinə imkan yaratdı. Konfransın gəncliyə də böyük töhfəsi var və tələbələrə öz həmyaşıdları ilə əlaqələrin qurulmasında böyük rolu var. Digər universitetlərimizin də bu əlaqələrdən faydalanmasına şərait yaradacağıq. Biz bu funksiyanı da böyük məmnuniyyətlə həyata keçirəcəyik.

Əlbəttə konfransın belə yüksək səviyyədə keçməsi asan başa gəlmədi, əməkdaşlarımızdan tutmuş tələbələrimizə qədər hamının ciddi, gərgin əməyi nəticəsində belə bir mötəbər konfransı ərsəyə gətirdik. Əməyi keçən hər bir kəsə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, konfransımız ulu öndərin əziz və unudulmaz xatirəsi qarşısında kiçik də olsa bir töhfə olacaqdır”.

Konfransın mənəvi dəyərinin çox yüksək olduğunu bildirən Kamal Abdulla konfransa dəstək verən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü çatdırıb.

K.Abdulla məlumat verib ki, ulu öndərə həsr olunmuş beynəlxalq konfransın Serbiyanın Belqrad Universitetində keçirilən bölmə iclası zamanı Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub: ”Əminəm ki, mərkəz dilimizin, mədəniyyətimizin təbliğ olunması istiqamətində böyük işlər görəcək, fəaliyyətini uğurla davam etdirəcək”.

Rektor qeyd edib ki, konfransın bağlanış mərasiminə xarici ölkə universitetlərdən 50 nəfər qonaq-rektorlar, prorektorlar, alimlər- təşrif buyurub: “Böyük xoşbəxtlikdir ki, dünyanın bir çox yerlərindən olan həmkarlarımız səsimizə səs verdilər. Bir daha vurğulamaq istəyirəm ki, bu konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları həmin universitetlərdə öz izini qoyub. Konfransın bağlanış mərasiminə gələn qonaqlar bölmələrin işi haqqında fikirlərini bölüşərkən siz bunun bir daha şahidi olacaqsınız”.

K.Abdulla vurğulayıb ki, bu gün ulu öndərin siyasəti dərindən öyrənilir: “Bu gün Azərbaycanda həqiqətən multikultural, tolerant cəmiyyət qurulmuşdur. Bizim cəmiyyətimizin əsrlərdən bəri çiçəklənirsə, onun siyasi ahəngi, siyasi dəstəyi, siyasi əsası Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Bu gün multikultural dəyərlər çox sədaqətli, etibarlı və ləyaqətli bir siyasi yolla irəliləyir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın siyasəti də, iqtisadiyyatı da, mənəviyyatı da bir çox ölkələrdən, elə yaxın və uzaq qonşularımızdan fərqli olaraq Azərbaycan xalqının və dövlətinin əlindədir. Buna etimad, sədaqət hamımızın ümdə borcudur. Bunun əsasını da Heydər Əliyev qoyub”.

Rektor konfransda iştirak edən və bölmə iclaslarını təşkil edən xarici ölkələrin universitetlərinin nümayəndələrinə və konfransın təşkilinə dəstək olmuş hər kəsə təşəkkürünü bildirib: “Biz hamımız qəlbimizlə bu işdə iştirak etdik. Bütün insanlara təşəkkürümü çatdırmaq istəyirəm. Azərbaycana xoş gəldiniz. Gördüyünüz işlər üçün Azərbaycan öz minnətdarlığını qəlbində sizə qarşı həmişə saxlayacaqdır və biz öz dostlarımızın timsalında sizi həmişə öz yanımızda görəcəyik. Konfrans çox yüksək səviyyədə keçdi. Konfransımız bitdi. Yaşasın konfrans!”

Sonra Ural Federal Universitetinin İnstitut direktoru professor Simanyuk Elvira Evaldovna, Kiyev Milli Linqvistik Universitetinin rektoru professor Vasko RomanVladimiroviç, Atatürk Universitetinin rektoru professor Ömər Çomaklı, Ərciyəs Universitetinin nümayəndəsi Erdem Talat Hakan, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun, prorektoru Koltakova Yelena Viktorovna, Kassino Cənubi Latsio Universitetinin professoru A. Fiqus, Moskva Dövlət Linqivistik Universitetinin şöbə müdiri Konev Vladimir Nikolayeviç, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının elmi işlər üzrə direktor müavini professor Quseva Yuliya Nikolayevna, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Çin Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Zhang Shuhua, Minsk Dövlət Linqivistik Universitetinin prorektoru professor Paşkeviç Vladimir Vyaçeslavoviç, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, Auqsburq Universitetinin professoru Klaus Volf, Azərbaycan Dillər Universiteti rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov konfransın bölmə iclaslar ilə bağlı yekun təqdimatla çıxış ediblər. Qeyd edilib ki, ulu öndərə həsr olunmuş mötəbər konfrans çox yüksək səviyyədə keçib, Heydər Əliyevin multikultural və tolerant siyasəti bağlı iştirakçılara geniş məlumatlar verilib, məruzələr oxunub. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.

Mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının digər millətlərlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin tənzimlənməsi yönündə oynadığı vacib rolundan söz açıblar. Konfransın bu dəyərlərin genişmiqyaslı vüsət alması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edən qonaqlar konfrans haqqında fikirlərini bölüşüb və belə bir mötəbər konfransın uğurla baş tutması münasibətilə Azərbaycan Dillər Universitetini ürəkdən təbrik ediblər.

Daha sonra Fransa, İtaliya, Rusiya, Gürcüstan və başqa ölkələrin nümayəndələri çıxış edərək konfransın unikallığını qeyd ediblər və səmimi təbriklərini çatdırıblar.

Sonda Heydər Əliyevə həsr olunmuş ADU tələbələrinin hazırladıqları bədii proqram nümayiş olunub. Tələbələrin ifasında Heydər Əliyevin ən sevdiyi mahnılar – “Alagöz”, Küçələrə su səpmişəm” və s. səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti