...

“AtaHolding” Heydər Əliyevin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 11 May 2018 10:13 (UTC +04:00)
“AtaHolding” Ümummilli Liderin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirib.
“AtaHolding” Heydər Əliyevin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

“AtaHolding” Bilgəh Qocalar evinin sakinləri üçün Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirin açılışında Qocalar evinin rəhbəri Qətibə Əsədova “AtaHolding”in rəhbərliyinə və kollektivinə gözəl tədbir təşkil etdiklərinə görə dərin təşəkkürünü bildirib və qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə və Faşizm üzərində Qələbənin 73 illiyinə həsr olunmuş bu tədbir çox əlamətdardır. Qətibə xanım qeyd edib ki, bir-birinin ardınca gələn bu əlamətdar günlərin ölkə səviyyəsində qeyd edilməsi milli və bəşəri dəyərlərə dövlət rəhbərliyi tərəfindən böyük önəm verilməsinin bariz nümunəsidir.

“AtaHolding”in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə bildirib ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur, çünki O, istər hakimiyyətinin birinci dövründə, istərsə də müstəqilliyin ilk illərində ölkə rəhbərliyinə qayıtmaqla Azərbaycanın gələcək uğurlarını təmin edib: “Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər daxili çaxnaşmalar, vətəndaş müharibəsi, səfalət, ictimai-siyasi və iqtisadi böhran məngənəsində boğulan, yox olmaq təhlükəsi ilə üzləşən ölkəni xilas etdi, onun müəllifi olduğu dövlət quruculuğu strategiyası Azərbaycanın hərtərəfli, sabit və dönməz inkişafının, müstəqilliyinin qarantına çevrildi”.

Faşizm üzərində qələbənin dünya xalqlarını, o cümlədən, Azərbaycanı ovaxtkı dəhşətli müharibə və məhrumiyyətlərdən xilas etdiyini xatırladan D.Zamanova diqqətə çatdırıb ki, faşizm üzərində qələbə çalmaqla dünyanın xilas edilməsində Azərbaycanın da mühüm rolu olub. Belə ki, müharibə vaxtı Sovet ordusunun neft təchizatının 70 faizi məhz Bakının payına düşüb, 600 mindən çox azərbaycanlı cəbhədə düşmənə qarşı vuruşub, onlardan 300 mini həlak olub.

Tədbirdə saksofon ifa edən Fərid Ağayev bu əlamətdar günlərə həsr olunmuş tədbirin Qocalar evinin sakinləri üçün yaddaqalan olduğunu qeyd edib. Bilgəh Qocalar evində təşkil edilmiş tədbirdə çay süfrəsi arxasında Qocalar evinin sakinləri konsert proqramını izləyiblər. Tədbirdə saksofonist Fərid Ağayevin və səs rejissoru Rasim Məmmədovun müşayiəti ilə müğənnilər Həyat Həsənzadə, Sübhan Aşurov, Orxan Bağırov, sintezator ifaçısı Etibar Abdullayev gözəl konsert proqramı ilə çıxış ediblər. Qocalar evinin sakinləri onlar üçün təşkil edilən əyləncəli proqrama görə təşəkkürlərini bildiriblər, musiqi sədaları altında həvəslə rəqs ediblər. Tədbirdə sakinlər özləri də mahnı ifa ediblər və şeirlərlə çıxış ediblər.

"AtaHolding" əməkdaşlarından Valeh Babayev, Fərid Malikzadə, Nigar Novruzova, Şərqiyyə Ağayeva və “Bizim Yol” qəzetindən Gülnarə Məmmədova təşkilatı işlərdə fəal iştirak ediblər.

https://youtu.be/XLPFhc7YYmg

Məqalədə:
Xəbər lenti

Xəbər lenti