Bakı. Elçin Mehdiyev - Trend:
Mikrorayonlarda və Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər ediləcək.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, 3-cü və 4-cü mikrorayonlarda, "Memar Əcəmi" metro stansiyası yaxınlığında və Biləcəri dairəsində də hərəkətin təşkilində müəyyən dəyişikliklər ediləcək:
“Bu ərazilərdə nəqliyyat sıxlığı və xaotik hərəkət müşahidə olunan, bir-biri ilə əlaqəli yolayrıcıların (dairəvi hərəkət olan) svetoforla nizamlanması, dairənin həndəsi ölçülərinə dəyişikliklər edilməsi, dairəyə yaxın yerləşən dayanacaq məntəqələrinin köçürülməsi və nəqliyyat axınının kanallaşdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, Fəzail Bayramov küçəsində də hərəkət dəyişdiriləcək. Bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.