Bakı. İlhamə İsabalayeva - Trend:
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 22-ə ambulator yardım göstərilib, 40-a isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 62 nəfərin 46-sı kişi, 12-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.
S.Əhmədova bildirib ki, dünən günvurma şikayəti ilə 10 nəfər müraciət edib. Onların 9-u xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı baş verməyib.
Qeyd edək ki, iyulun əvvəlindən ölkədə anomal isti hava şəraiti hökm sürür.