...

Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək

Cəmiyyət Materials 6 Sentyabr 2018 10:27 (UTC +04:00)
Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək.
Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək

Bakı. Trend:

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Trend-in məlumatına görə, festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Layihə beynəlxalq miqyasda dünya şöhrətli ifaçılar, filosoflar, müasir cəmiyyətdə mənəviyat haqqında yazan alimlər, həmçinin peşəkarlar, həvəskarlar və gənclərin, o cümlədən interaktiv olaraq geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılacaq.

Nəsimi festivalı sayəsində Bakı incəsənət və poeziya vasitəsilə mənəviyyat axtarışının mərkəzinə çevriləcək. Eyni zamanda qeyd etmək istərdik ki, festival təkcə Nəsimi poeziyasının şairin yaradıcılığı, müxtəlif incəsənət növləri və onların harmoniyası vasitəsilə tərənnümü və əbədiləşdirilməsinə yönəlməyib, biz həm də müasir dünyada ən aktual mənəvi suallara cavab tapmaq istəyirik. Festival Nəsiminin bu günümüzdə təcəssüm etdirilmiş fəlsəfi ideyalarını göstərmək niyyətindədir. Nəsiminin şeirləri insan gözəlliyini və idrakını tərənnüm edirdi, şəxsiyyətin hər növ ehkamlardan və şərtilikdən qurtulmağına xidmət edirdi və insanın ali təyinatını və onun imkanlarının hüdudsuzluğunu vurğulayırdı. Ona görə də festival böyük maraq doğuracaq, çünki fərqli maraqları olan insanlara yönəlib.

Festivalın əlaqələndiricisi Cahangir Səlimxanov Trend-ə müsahibəsində bildirib ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır:

“Nəsiminin yaradıcılığı unikaldır, onun poeziyası təkamülə və kamilliyə çağırır və dünyanın, həyatın, insanın dünyadakı yerinin fəlsəfi mənaları ilə zəngindir. Çünki insan Tanrının ən mükəmməl əsəridir. Təbiət, dünyanı əhatə edən gözəllik, mərhəmət – bütün bunlar şairi həyatı və kainatı dərk etməyə ruhlandıran mənbələrdir”.

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival tamaşaçılar üçün bilet və dəvətnamələrlə yox, yalnız www.nasimifestival.live rəsmi saytında qeydiyyatdan keçməklə baş tutacaq. Bu saytda layihə barədə daha ətraflı öyrənmək olar. Ona görə də saytda qeydiyyatdan keçmək lazımdır, bu, həm də tədbirlərə giriş bileti olacaq.

C.Səlimxanov deyib ki, festivalı ənənəvi olaraq müsabiqə və mükafatlarla keçirmək planlaşdırılır: "Ona görə də bizə tamaşaçıların maraq dairəsini bilmək maraqlı olardı. Çox böyük tamaşaçı axını gözlənilir, çünki bu, inanılmaz festival olacaq və qonaqlarda çox böyük təəssürat yaradacaq. Belə bir tədbir Azərbaycanda, hətta bütün dünyada olmayıb!"

Festivalın proqramı

Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.

Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Festival çərçivəsində, həmçinin muğam və mənəviyyata səsləyən musiqilər ifa olunacaq.

Şamaxının Meysəri kəndində “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş geyimlər nümayiş etdiriləcək.

Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Əli Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Əbdül Kərim (Livan), "Hanoy" dueti: Nquen Le (Vyetnam/Fransa) və Nqo Honq Quanq (Vyetnam), Görkem Şen (Türkiyə), “Ar Berd” dueti (Fransa) iştirak edəcəklər.

Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi keçiriləcək.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi isə 26 rəngkarlıq və qrafika əsərindən ibarət olacaq. Bu əsərlər bir sıra ərəb ölkələrində yaşayan, müasirlərimiz olan rəssamlara aiddir və “hürufiyyə” (hərflər, xəttatlıq üzərində qurulan təsvirlər) adlı, son 20 ildə geniş vüsət almış cərəyanı nümayiş etdirir. Ekspozisiyada, həmçinin Azərbaycanın Əməkdar rəssamı Tərlan Qorçunun bir neçə rəsm tablosu təqdim olunacaq.

Daha sonra proqram “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyası ilə davam edəcək. Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında dastan” əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.

Festivalın həmin günü Kamera və Orqan musiqisi zalında Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabskinin mənəviyyat və əbədi dəyərləri vəsf edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı ilə başa çatacaq. Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək.

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam ilə “Bədii yoqa sessiyası” keçiriləcək. N.Qautamın keçirdiyi məşğələni özünün müəllifi olduğu musiqi müşayiət edəcək.

Sentyabrın 29-da, həmçinin Şirvanşahlar sarayında görkəmli alman bəstəkarı Karlhayns Ştokhauzenin “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək. Bəstəkar əsərdə bir not belə yazmadan, öz vəzifəsini ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib etməkdə görüb. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir. Müasir kommunikasiya vasitələri ilə bu ayrı-ayrı musiqi ifaları birləşdirilib, internet vasitəsilə canlı yayımlanacaq. Layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər – Azərbaycandan əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və xarici ölkələrdən Kudsi Ergüner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato (Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünyaşöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.

Daş Salnamə Muzeyində, eyni zamanda, ölməz Nəsimidən ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq. Səhnədə beş muğam ifaçısı ilə yanaşı, elektron musiqi ifaçısı da çıxış edəcək: Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs dizaynı).

Həmin gün Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun çıxışı da olacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələcək bu çıxış zamanı həm sağlam, həm də fiziki imkanları məhdud şəxslər bir araya gələrək rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaqlar. Bu rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-dək yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq. Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edərək ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarına böyük ölçüdə əks etdirəcəklər.

Həmin gün “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin (tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestr) konsert proqramı təqdim ediləcək.

Festival günlərində İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya səyahət etdirəcək. İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxacaq.

Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti