Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Zəif görənlər (Low Vision) bölməsinin fəaliyyətinə start verilib.
Trend-in məlumatına görə, yeni bölmənin bu gün keçirilən təqdimat mərasimində çıxış edən Milli Oftalmologiya Mərkəzinin uşaq oftalmoloqu Aysel Əkbərova bildirib ki, bu xidmət Azərbaycanda ilk dəfə olaraq, MOM-da yaradılıb:
"Bəzən göz xəstəlikləri müalicə olunsa da, sonda nail olunan görmə səviyyəsi həyat fəliyyətinin davam etdirilməsi üçün xəstələrə kifayət etmir. Pasiyentlər oxumaqda, TV izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliklərini yaşaya bilmirlər. Belə hallarda əksər xəstələr bu görmə ilə qane olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürməkdə davam edirlər. Zəif görənlər bölməsində hər bir xəstəyə fərdi yanaşılır, onlar üçün həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə cihazlar seçilir və təyin edilir".