...

Bakı-Zabrat-Sumqayıt dəmir yolunun çəkilməsi işlərinin yarıdan çoxu görülüb - TƏFƏRRÜATLAR

Cəmiyyət Materials 6 Noyabr 2018 17:36 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı dairəvi dəmir yolunun 63,6 kilometr hissəsi yenidən qurulub, 13 dəst yoldəyişən qurğular yeniləri ilə əvəz edilib. Bunu Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

S.Qədirovanın sözlərinə görə, Sumqayıt şəhərinin sərnişin stansiyasında yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir: "Görülən işlərlə yanaşı, stansiyada yeraltı piyada keçidi tikilərək istifadəyə verilib. Sumqayıt sərnişin stansiyasından Güzdək stansiyası istiqamətində 5,5 kilometr ikinci yol tikilib, hazırda tamamlanma işləri aparılır”.

Şöbə rəisi Sabunçu, Zabrat, Kürdəxanı və Məhəmmədidə görülən işlər barədə də məlumat verib: “Sabunçuda stansiya binası yenidən tikilir, yollar 2,85 metr hündürlüyə qaldırılır. Piyadalar üçün nəzərdə tutulan iki keçidin biri artıq tikilib, digəri isə bitmək üzrədir. Sabunçu və Məhəmmədidə avtomobillər üçün yeraltı keçidin inşası davam etdirilir. Zabrat-2 stansiyası yenidən inşa olunur, Kürdəxanıda isə yerüstü piyada keçidinin tikintisi davam etdirilir”.

O əlavə edib ki, ümumilikdə layihə üzrə 101,2 km yolun əsaslı təmiri və 5,5 km 2-ci yolun tikintisi, eləcə də 56 dəst yoldəyişən qurğuların yenidən quraşdırılması işlərinin görülməsi planlaşdırılır:

"Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il martın 7-də “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması prosesi gedir. İşlərin tam olaraq yekunlaşması barədə konkret vaxt söyləmək üçün hələ tezdir".

Maştağa-Bağlar istiqamətində dəmir yolunun bərpasına gəlincə, S.Qədirova qeyd edib ki, gələcəkdə Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi, o cümlədən Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarların işləməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Bakı dairəvi dəmir yolunun işə düşməsi ilə Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti