Bakı. Samir Əli - Trend:
Noyabrın 5-6-da cənub bölgəsində yağan leysan xarakterli yağışlarla bağlı Astaraçay çayında suyun səviyyəsinin artması nəticəsində Astara rayonunun Rudəkənar kəndində 35 ailə təxliyə edilib.
Bu barədə Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib. Onun sözlərinə görə, hazırda Astaraçayda vəziyyət normallaşıb: "Dünən axşam saatlarından ehtiyat tədbirləri məqsədi ilə kənddən 35 ailə təxliyə edilib. Həmin ailələr qohumlarının evlərində yerləşdirilib. Bu gün səhər saatlarında çayda suyun səviyyəsi enib və ailələr evlərinə köçüblər. Hadisə nəticəsində bir neçə evin həyətyanı sahəni su basmışdı. Yəni, 35 ailənin hamısının həyətini su basmayıb. Sadəcə biz təhlükəsizlik məqsədilə həmin ailələri köçürmüşdük ki, əgər yağış kəsməsəydi, ciddi fəsadlar ola bilərdi. Çünki keçən il də Astaraçay daşmışdı və əhaliyə ciddi ziyan dəymişdi. Amma bu dəfə xoşbəxtlikdən əhaliyə heç bir ziyan dəymədi".
İ.Malıyev bildirib ki, hazırda rayonda və Rudəkənar kəndində vəziyyət tam normaldır: "Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində və digər ərazilərdə bəndbərkitmə işləri aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasinda isə güclü olub.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78 mm təşkil edib.