...

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupu növbəti iclasını keçirib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2018 20:34 (UTC +04:00)
Əsas beynəlxalq indekslərdə əmək bazarı ilə bağlı meyarlar üzrə ölkəmizin göstəricilərinin daha da yaxşılaşdırılması ilə bağlı Fəaliyyət Planının layihəsi hazırlanıb
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupu növbəti iclasını keçirib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək bazarı üzrə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış işçi qruplarından biridir. İşçi qrupu beynəlxalq reytinqlərdə əmək bazarı göstəriciləri üzrə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, həmin reytinqlərdəki indikatorlar üzrə əmək bazarında zəruri tədbirlərin görülməsinə dair müvafiq təhlillər əsasında təkliflərin hazırlanması işini yerinə yetirir.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əsas beynəlxalq indekslərdə digər sahələrdə olduğu kimi, əmək bazarı üzrə də Azərbaycanın mövqeyinin gücləndiyini vurğulayıb. O, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” və digər əsas hesabatlarda (Qlobal İnnovasiyalar İndeksi, İqtisadi Azadlıq İndeksi, Qlobal İmkanlar İndeksi) əmək bazarı ilə bağlı əksini tapan qiymətləndirmə meyarlarını diqqətə çatdırıb.

Nazir müavini həmin meyarlara uyğun olaraq, aktiv əmək bazarı siyasətinin gücləndirilməsi, bu sahədə digər qurumlarla birgə fəaliyyətin qurulması, əmək bazarının tənzimlənməsi, daxili əmək bazarının çevikliyinin və əmək bazarında gender bərabərliyinin təmin olunması, əmək haqları üzrə vergi yükünün azaldılması və s. istiqamətlərdə ölkəmizdə aparılan işləri qeyd edib.

M.Kərimli əsas beynəlxalq indekslərdəki əmək bazarı ilə bağlı meyarlar üzrə ölkəmizin mövqeyinin təhlil olunduğunu, aidiyyəti göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı Fəaliyyət Planının layihəsinin hazırlandığını deyib.

İclasda əmək bazarı üzrə əsas götürülən beynəlxalq hesabatlardakı qiymətləndirmə meyarları üzrə görülmüş işlər təhlil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti