Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Böyük Akt zalında Hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” adlı beynəlxalq konfransın plenar iclasının açılışı olub.
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət strukturlarının rəhbərləri, Respublikanın tanınmış hüquqşünas alimləri, hakimlər, vəkillər və ziyalılar, o cümlədən Hüquq fakültəsinin keçmiş məzunları və tələbələr iştirak ediblər.
BDU-nun rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva tədbir iştirakçılarını salamlayıb, BDU-nun 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bir sıra tədbirlərin keçirilməsindən, o cümlədən 90 illiyi qeyd olunan Hüquq fakültəsinin respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasındakı xüsusi rolundan bəhs edib. Professor fakültənin fəaliyyət göstərdiyi müddətdə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadrlar yetişməsindən, respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etməsindən danışıb.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Hüquq fakültəsinin tarixi, inkişaf yolu və müasir cəmiyyətdə rolu” mövzusunda məruzə edib. O, Hüquq fakültəsinin BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biri olduğunu, onun tarixinin BDU-nun yarandığı ilk illərə təsadüf etdiyini vurğulayıb. Dekan qeyd edib ki, bu fakültənin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapıb. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra Hüquq fakültəsində mühüm dəyişikliklərin əsasının qoyulduğunu, məhz bu dövrdən başlayaraq hüquq elmi və təhsilini tədris edən alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesinin sürətləndiyini, Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Hüquq fakültəsinin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsindəki nailiyyətlər Hüquq fakültəsində də müvəffəqiyyətlə davam etdirilir.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin Birinci vitse-spikeri, professor Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru Fərhad Abdullayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) professor Elmira Süleymanova, Ankara Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Muharram Özen, Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı, professor Liliya Bakulina, Ukrayna hüquqşünasları adından akademik Oleq Zayçuk, Tbilisi Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, professor Tamar Zarandiya, Polis Akademiyasının rəisi, general-leytenant Nazim Əliyev çıxış edərək fakültə ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasın Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının, o cümlədən ali təhsil rəhbərlərinin təbrik məktubları səsləndirilib.
ABŞ Tüleyn Universiteti Hüquq fakültəsinin dekanı, professor Devid Meyer, Almaniyanın Halle Vittnberq Universitetinin rektoru, professor Kristian Titye, Almaniyanın Vürzburq Universiteti Hüquq fakültəsinin dekanı, professor Ekhard Paxen, Qazaxstan Əl-Fərabi adına Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinovun video-təbrikləri nümayiş etdirilib.
Tədbirdə Hüquq fakültəsinin bir qrup professor-müəllim heyətinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı”, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı”, Bakı Dövlət Universitetinin Fəxri fərmanı təqdim edilib, “Təşəkkür” elan edilib.
Plenar iclas işini bədii hissə ilə yekunlaşdırıb.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Almaniya, Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstandan 15-dən çox xarici hüquqşünas alimin iştirak etdiyi iclaslarda altı bölmə üzrə 180-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulub.