...

Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər

Cəmiyyət Materials 18 Yanvar 2019 15:26 (UTC +04:00)
Bir sıra qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.
Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

“Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında, “Optika və optikaçılıq haqqında qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Ə.Əmiraslanov qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunla bağlı bəzi deputatların iradları olub:

“Onların iradlarında obyektiv səbəblər də var idi, amma subyektiv yanaşmalar da çox idi. Biz qanun layihəsini yenidən işlədik və artıq müzakirəyə hazırdır. Qanunun əleyhinə olan qurum yoxdur”.

Komitə sədri əlavə edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində yalnız ekstrakorporal (süni) mayalanmadan söhbət getmir: “Bu məsələ həmin qanunun cüzi bir hissəsidir. Bu qanun layihəsi ümumilikdə qadınlarımızın sağlamlığına yönəlib".

“İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında qanun layihəsiə gəldikdə isə Ə.Əmiraslanov hesab edir ki, sənəddə ciddi dəyişikliklərə ehtiyac var: “Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar bağlı işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyac var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.

Ə.Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür: “Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti