...

ADU və İlahiyyat İnstitutu elmi-texniki əməkdaşlıq protokolu imzalayıb (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2019 00:30 (UTC +04:00)
Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.
ADU və İlahiyyat İnstitutu elmi-texniki əməkdaşlıq protokolu imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

ADU-dan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov tərəfindən imzalanıb.

Protokolda hər iki ali təhsil müəssisəsi tərkibindəki mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin yerinə yetirilməsi, professor-müəllim heyəti, doktorantlar üçün təkmilləşdirmə kurslarının, sərgi və elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kursların keçirilməsi və seminarlar vermək məqsədi ilə universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, tələbə mübadiləsi, doktorantura tələbələrinə elmi rəhbərliyin edilməsi, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materiallarının təmin edilməsi nəzərdə tutulub.

Rektor K.Abdulla bildirib ki, ölkə universitetlərinin xarici universitetlərlə yanaşı, respublikada fəaliyyət göstərən təhsil müəssisələri ilə ciddi əlaqələr qurmasına böyük ehtiyac var. Rektor əlavə edib ki, Prezident İlham Əliyevin Aİİ-nin yaradılması təşəbbüsü Azərbaycan xalqının ziyalılığı, mənəviyyatı üçün çox ciddi addımdır. K. Abdulla yeni yaranmış təhsil ocağının öz məramına uyğun olaraq Azərbaycanda bir sıra xeyirli işlər görəcəyindən əmin olduğunu söyləyib: “İlahiyyat İnstitutunun yaranması xalqın qəlbində dinə təmiz münasibətin qorunub saxlanmasına işarədir. Təhsil naziri Ceyhun Bayramov yerli universitetlərlə əlaqələrin qurulmasının vacibliyini dəfələrlə qeyd edib. İlahiyyat İnstitutu ilə əməkdaşlıq bu istiqamətdə atılan vacib addımlardan biridir”.

K.Abdulla C.Məmmədovun bilik və bacarığı nəticəsində İlahiyyat İnstitutunun fəaliyyətinin həddindən artıq uğurlu olacağına və dini-ruhani səviyyənin daha da kamilləşəcəyinə inandığını bildirib.

ADU-nun rektoru deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb, multikultural mühit elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdəki məzhəblərin nümayəndələri də bir-biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər.

Aİİ rektoru C.Məmmədov əməkdaşlıq təklifini qəbul etdiyinə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verən C.Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində təşəbbüs göstərdiklərini qeyd edib. C.Məmmədov ADU ilə Aİİ-nin əməkdaşlıq edəcəyi bir çox istiqamətlərin mövcudluğundan, böyük tarixə malik olan universitetin təcrübəsindən yararlanmağın faydalarından da söz açıb.

İmzalanma mərasimindən sonra qonaqlar universitetlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti