...

“İlahiyyatçı” qəzetinin yanvar buraxılışı nəşr olunub

Cəmiyyət Materials 4 Fevral 2019 12:18 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin yanvar buraxılışı işıq üzü görüb.
“İlahiyyatçı” qəzetinin yanvar buraxılışı nəşr olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin yanvar buraxılışı işıq üzü görüb.

Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu nəşrin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etməsi, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” haqqında sərəncamı yer alıb. Qəzetin müxtəlif rubrikalarında bu faciəyə həsr olunmuş bir sıra yazılar yer alıb – “Ölümün yanından ötüb, ona yoldaş oldum o gecə...”, “Qanımızla tarixə imza atdıq”, “Şəhid ailələri ilə görüş”, “Azadlıq tumunu səpdik” başlıqlı məqalələr bu qəbildəndir.

Mətbu orqanın digər səhifələrində oxuculara vətənpərvərlik, milli-mənəvi, maarifçilik dəyərləri aşılayan bir sıra yazılar – “Gözəl nəsillə maraqlı tədris həyatı yaşayırıq”, “Məşhur azərbaycanlı din alimləri: Ayətullah Əbülqasim Ordubadi”, “İsveçrəli alimlə görüş”, “Həyata tələbə baxışı” – dərc olunub.

“İlahiyyatçı” qəzetinin yanvar buraxılışında, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar, tədbirlər haqqında xəbərlər yer alıb. Qeyd edək ki, Aİİ tələbələrinin Avropa və Gürcüstan yəhudilərinin sinaqoqlarına ziyarəti; Azərbaycan İlahiyyat İnstitutu kollektivinin qədim məbədlər və muzeylər diyarı Qəbələ rayonuna səfəri, həmçinin “Alimlərimiz xarici ölkələrdə”, “Aİİ-nin ilk “Fəxri doktor”u”, “Naxcıvan-95” başlıqlı məqalələr əksini tapıb.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” başlıqlı təhlili yazıda tariximizin şərəfli, eyni zamanda, ağrılı və acılı mərhələsindən bəhs olunur. Məqalədə cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində böyük işlər gördüyü, özündən sonra zəngin mədəni və mənəvi irs qoyub-getdiyi haqqında fikirlər ifadə olunub.

Qəzetin digər rubrikalarında institut əməkdaşlarının təcrübə mübadiləsi çərcivəsində Rusiya, Tükiyəyə səfərləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq haqqında məlumatlar əks etdirilib.

Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “Искренность” jurnalının Baş redaktoru Səfa Kərimovla müsahibə, Azərbaycan Gənc Alim, Aspirant və Magistlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun İnstitut haqqında fikirlərini bildirən məqalələr də nəşrdə yer alıb.

Qeyd edək ki, ayda bir dəfə nəşr olunması nəzərdə tutulmuş “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc edilir.

Qəzetin nəşr olunmasında məqsəd institutun fəaliyyəti, həyata keçirdiyi layihələri barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti