Bakı. İlhamə İsabalayeva - Trend:
Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu işlər “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Mixail Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.
ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.