...

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2019 15:45 (UTC +04:00)
Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı dinlənilib.
Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, ümummilli liderin xatirəsini böyük ehtiramla yad ediblər.

Yığıncaqda Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı dinlənilib.

Məruzə ilə çıxış edən birliyin və ittifaqın sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov İttifaqın illik fəaliyyəti barədə məlumat verib, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və hərtərəfli inkişafından, iqtisadi, sosial, mədəni və digər sahələrdə aparılan islahatlardan, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, əhalinin ən müxtəlif kateqoriyalarının problemlərinin həllinə yönəlmiş tədbirlərdən danışıb.

Ə.Cəfərov bildirib ki, bu inkişaf məhkəmə fəaliyyətinə də öz müsbət təsirini göstərib. Prezidentin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqları əsasında məhkəmə fəaliyyətinin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə informasiya sisteminin tətbiqi üzrə mühüm tədbirlər həyata keçirilib. Son illər respublika məhkəmələrinin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin qanuna müvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyət qolu kimi fəaliyyət göstərmələri, cəmiyyətdə yüksək etimad qazanmaları bu sahədə beynəlxalq təcrübənin geniş tətbiqini şərtləndirib.

Həmçinin qeyd edib ki, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi prosesi 2018-ci ildə də davam etdirilərək Mülki-Prosessual Məcəlləyə “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiq edilməsini nəzərdə tutan köklü dəyişikliklər edilib, məhkəmə icraatı zamanı süründürməçilik, işlərə baxılmasının əsassız uzadılması hallarının qarşısını almaq məqsədilə məhkəmə hazırlıq və məhkəmə baxış iclaslarının təyin edilməsinin konkret müddəti müəyyən edilib, hakim tərəfindən məhkəmə baxışının təxirə salınması imkanı azaldılıb.

İttifaqın sədri onu da əlavə edib ki, fəliyyətə başladığı 2002-ci ildən hakimlərin fəaliyyətini vahid ictimai institut çərçivəsində əlaqələndirilməsinə, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, digər ölkələrin məhkəmə təcrübəsinin öyrənilərək səmərəli tətbiqinə, müsbət meyillərin tətbiqinə, qanunların təkmilləşdirilməsinə çalışan Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı bu istiqamətlərdə mühüm nəticələrə nail olub. İttifaqın məhkəmələr və hakimlərlə iş sahəsində ixtisaslaşmış Beynəlxalq Hakimlər Assosiasiyası və onun regional qurumu olan Avropa Hakimlər Assosiyasiyası ilə sıx əməkdaşlığı da respublikamızın beynəlxalq nüfuzunun gücləndirilməsinə, əcnəbi təcrübənin öyrənilərək praktik şəkildə tətbiqinə xidmət edir.

Ə.Cəfərov Prezident İlham Əliyevin məhkəmə qərarlarının ədalətliliyi, şəffaflığın artırılması, məhkəmə etikasına ciddi əməl edilməsi, məhkəmə fəaliyyətində korrupsiyanın aradan qaldırılması və şikayətlərin azaldılması barədə mühüm vəzifələrə daha ciddi yanaşmasını, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulmasını və insanlara qayğılı münasibət göstərilməsinə xüsusilə diqqətli olmaqla məhkəmə istifadəçiləri arasında, bütövlükdə cəmiyyətdə vətəndaş məmnunluğunun artırılmasını vurğulayıb.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosasiyasının) illik hesabatı dinlənilib, məruzəçi – birliyin sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ötən dövr ərzində Assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Yığıncaqda Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Əsəd Mirzəliyev və İnzibati-iqtisadi kollegiyasının hakimi Xəqani Məmmədov “Məhkəmələr tərəfindən qətimkan tədbirlərinin tətbiqi təcrübəsi və qətimkan tədbirinin əsaslarının mövcudluğunun araşdırılması xüsusiyyətləri”, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il fərmanından irəli gələn məsələlər barədə (kredit borcları ilə bağlı hazırda məhkəmələrdə olan iddiaların hüquqi taleyi barədə) və “İnzibati mübahisələrə baxılmasının xarakterik xüsusiyyətləri” mövzusunda çıxış edib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb, son il ərzində xarici ölkələrdə xidməti ezamiyyətdə olmuş hakimlər öz təəssüratlarını bölüşüb, qabaqcıl dünya təcrübəsi və məhkəmə fəaliyyəti sahəsində yeniliklər barədə həmkarlarına məlumat veriblər.

Sonda təşkilati məsələlərə baxılıb, hər iki birliyə yeni üzvlər qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti