Bakı. İlhamə İsabalayeva - Trend:
Beynəlxalq qiymətləndirmələrin nəticələrinə görə, Azərbaycanda məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı meyarları üzrə nəticələr ürəkaçan deyil.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının maliyyələşdirdiyi və YUNİSEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil uşaqların gələcək inkişafına çox ciddi təsir göstərir: "Məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı şagirdlərin təlim nailiyyətlərinə ciddi təsir göstərir. Təhsil Nazirliyi beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Həmin qiymətləndirmələrdə bu üç meyar üzrə nəticələr heç də ürəkaçan deyil. Təəssüf olsun ki, ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqlar ölkə əhalisinin cəmi 15 faizini təşkil edir. Bu da göstəricilərin aşağı səviyyədə olmasının səbəblərindən biridir. Evdəki təhsil mühiti də uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir. Təəssüf ki, bu göstəricilər üzrə də ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Ölkəmizdə bu göstəricinin aşağı səviyyədə olması təəssüfedicidir".