Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında 1-2 noyabr 2019-cu il tarixlərində məcburi köçkün uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilib.
Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.
Məcburi köçkün uşaqları müayinə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Bu baxımdan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri tərəfindən həmin ərazilərdə yaşayan uşaqların və böyüklərin müayinələri edilmişdir. Ümumilikdə bu xeyriyyə aksiyalarda 600 nəfərə yaxın insan diaqnostik tibbi müayinədən keçmişdir.
Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı t.e.d. Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri regionlarda yaşayan əhalinin bütün zəruri tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini həyata keçirir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq H.Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlıqlarına qovuşublar.
Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə indiyədək Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdədə və digər rayonlarda məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də həyata keçirilib.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.