...

Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Cəmiyyət Materials 21 Fevral 2020 15:32 (UTC +04:00)
Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.
Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.

Trend-in məlumatına görə, ETSN-nin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov jurnalistlərə bildirib ki, ilkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək: "Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.

İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir.

Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir.

Bildiririk ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti