Bakı. İlhamə İsabalayeva – Trend:
Bu gün səhər saatlarında Lerikin Çayrud kəndində uçan evin üzərinə dağdakı qayalıqlar və böyük torpaq kütləsi düşüb.
Bunu Trend-ə Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, dağın yamacında 2014-cü ildə inşa edilən iki mərtəbəli evdə yaşayan 4 ailə üzvü dağılmış evin qalıqları altında qalıb:
"Evin ikinci mərtəbəsi tamamilə dağılıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Qalan 3 nəfəri xilas etmişik. Həmin şəxslər kiçik xəsarətlər alıblar, müayinə edilib evə buraxılıblar".
H.Məlikov uçan evin sürüşmə ərazisində tikilmədiyini də söyləyib:
"İndiyədək bu kənddə belə hal qeydə alınmayıb. Uçan evin yaxınlığında 1950-60-cı illərdə tikilən evlər də var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirliyin mütəxəssisləri araşdırma və monitorinq aparmaq üçün rayona ezam olunublar.