...

“Bir” tələbə-könüllüləri “Biz birlikdə güclüyük” şüarı altında birləşdilər

Cəmiyyət Materials 8 İyun 2020 20:35 (UTC +04:00)
“Bir” tələbə-könüllüləri “Biz birlikdə güclüyük” şüarı altında birləşdilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə Prezidenti İlham Əliyevin pandemiya dövründə vətəndaşlara dəstək üçün könüllülərə etdiyi çağırışa cavab olaraq, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri də “Biz birlikdə güclüyük” şüarı altında birləşərək sosial aksiya, kampaniya, layihələrə dəstək verməklə birlik nümayiş etdiriblər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, pandemiya dövründə 35 şəhər və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” sosial aksiyalar və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, ehtiyacların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən artıq könüllülük saatı dəstək veriblər.

Tələbə-könüllülərin dəstəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah sahibkarların təşkilatçılığı ilə 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri dərmanlar, DİN-nin A.N. Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd "üz sipər"ləri çatdırılıb. Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyası dövründə çalışan insanlara həsr olunan “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” onlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən “#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib. Aksiyalara ümumilikdə 1000-dən çox insan qoşulub, 25 mindən çox bəyənmə, 40 mindən çox baxış sayı əldə edilib.

Pandemiya dövründə dəstək verilən layihələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Azərmaş” ASC ilə əməkdaşlıq olunub.

Həmçinin, koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı da bu Mərkəzin təsisçilərindən biridir.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti