...

Övladlığa götürülmə ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliyin mahiyyəti açıqlandı

Cəmiyyət Materials 11 İyun 2020 23:15 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliyin mahiyyətini açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Trend-ə bildirib ki, ötən ilin noyabr ayından ölkəmizdə övladlığagötürmə sahəsinə idarəetmə və xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron texnologiyalar üzərindən müasir qaydada, şəffaf həyata keçirilir:

Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” təsdiq edilib. Qaydada göstərilir ki, (2.16-cı maddə) valideyn-namizədin övladlığa uşaq götürmək barədə notarial qaydada təsdiq edilən ərizəsi Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə ƏƏSMN-nin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə ötürüldükdən sonra valideyn-namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır.

Nazirlər Kabinetinin 8 iyun 2020-ci il tarixli 193 nömrəli “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” NK-nın 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinə də bununla bağlı müvafiq abzas əlavə edilir. Bu abzasda nəzərdə tutulur ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə ƏƏSMN-ə ərizəsi notarial qaydada təsdiq edildikdən sonra həmin Qaydanın 2.16-cı bəndinə müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə ötürülür. Ərizədəki məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 gün müddətində təkrar olaraq altsistemə ötürülür:

"Valideyn-namizədin övladlığa uşaq götürmək barədə notarial qaydada təsdiq edilən ərizəsi Ədliyyə Nazirliyinin e-sistemindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə ötürüldükdən sonra valideyn-namizəd uçota alınır.

Beləliklə, NK-nın bu qərarı övladlığagötürmə sahəsinə idarəetmə və xidmətlərin elektron texnologiyalar vasitəsilə aparılmasında müvafiq hüquqi tənzimləməni təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti