...

Patyaxtın bu ərazilərində yenidənqurma işləri aparılır (FOTO)

Cəmiyyət Materials 16 İyun 2020 12:01 (UTC +04:00)
Patyaxtın bu ərazilərində yenidənqurma işləri aparılır (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Görülən işlər çərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq yenidənqurma işləri həyata keçirilir. Artıq Məhəmməd Hadi küçəsində genişmiqyaslı işlər başa çatıb. Həmçinin rayonun Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində də əsaslı təmir və küçəboyu abadlıq işləri tamamlanıb.

Bu işlər çərçivəsində binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daş düzülüb, yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib.

Binaların yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə və idman qurğuları, oturacaq və söhbətgahlar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemi quraşdırılıb.

Eyni zamanda binaların birinci mərtəbəsində və qarşısında yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısının da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edib, öz obyektlərinin daha yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin daha da gözəlləşməsinə öz töhfələrini veriblər.

Hazırda Seyid Əzim Şirvani, Qaçaq Nəbi və Naximov küçələrində abadlıq - yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, asfalt örtüyü salınır.

Bu küçələrdə aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmir-yenidənqurma işlərinin başqa küçələrdə davam etdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti