...

Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2020 13:43 (UTC +04:00)
Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Koronavirusla əlaqədar Dənizkənarı Milli Parkda bir çox mühüm profilaktik, maarifləndirici tədbirlər görülüb. Ərazidə Operativ Qərargahın tövsiyələrinə uyğun müxtəlif materiallar çap olunaraq müxtəlif yerlərə yapışdırılıb. Yol kənarında maarifləndrici şüarlar yazılan müxtəlif lövhələr yerləşdirilib, maarifləndirici videoçarxların nümayiş olunduğu böyük monitor quraşdırılıb.

Bunu Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə bulvar sakinlər üçün bir müddət bağlı olsa da sonradan vətəndaşların ixtiyarına verilib və bir neçə gündür ki açıq havada olan idamn qurğuları da istifadəyə verilib:

“Artıq bulvar ərazisində olan bir neçə qurğu, o cümlədən iki velopark sakinlərin istifadəsinə verilib. Ona görə buraya gələn insanların sayında artım müşahidə olunur. Pandemiyanın ilk günlərindən Bulvar İdarəsi virusun yayılmasının qarşısını almaq üçün maksimum dərəcədə öz vəzifəsini yerinə yetirir. Qonaqlar da şahid ola bilərlər ki, hər bir obyektin qarşısında ara məsafəsini qorumaq üçün nişanlar qoyulub. Bulvar ərazisində bir neçə yerdə dezinfeksiya aparatları quraşdırılıb, həmin qurğular tez-tez işçilərimiz tərəfindən doldurularaq yenilənir. Əməkdaşlarımız bulvara gələn vətəndaşlara necə davranmağı, 5 nəfərdən artıq toplaşmamaq və bu kimi digər məlumatlar da verirlər”.

R.Niftəliyev qeyd edib ki, idman qurğuları və velosipedlər gündəlik dezinfeksiya olunurlar:

“İnsaların daha çox istifadə etdiyi idman qurğularına gigiyenik baxımdan çox ciddi diqqət olunur. Dezinfeksiya aparatlarından biri məhz idman meydançasında quraşdırılıb ki, buraya gələn vətəndaşlar məhluldan istifadə etsinlər. Həmin ərazidə xidmət aparan əməkdaşımız da gələn şəxslərə bu barədə məlumat verir.

Veloparkda isə əməkdaşlar açılışdan öncə təlimatlandırılıblar. Velosiped meydançasına gələnlər velosiped götürməmişdən öncə işçilərimiz tərəfindən həmin təlimatları alırlar. Belə ki, onlar velosipedə əyləşməmişdən öncə əllərini ərazidə olan dezinfekiya aparatı ilə dezinfeksiya edirlər. Bulvar ərazisində iki velopark var və hər birində bu aparatlar quraşdırılıb. Hər günün sonunda dezinfeksiya olunan velosipedlər növbəti günə tam strelizə olunmuş şəkildə istifadəyə verilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti