Bakı. Trend:
Qaradağ rayonunun Lökbatan, Müşviqabad və Sahil qəsəbələrində “Abad məhəllə” layihəsi üzrə işlər davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır. Hazırda isə Lökbatan, Sahil və Müşviqabad qəsəbələrində növbəti abad məhəllələrin tez bir zamanda istifadəyə verilməsi üçün işlər gedir.
Rayon ərazisində iki məhəllə Heydər Əliyev Fondunun təşəbbüsü ilə, bir məhəllə isə rayonun daxili imkanlar hesabına salınır.
Ətraf ərazilər abadlaşdırılır, yeni yaşıllıq zolaqları salınır, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılır. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edilir. Şüşələnmə və boyaq işləri görülür, binaların həyətində asfalt örtüyü salınır və küçə işıqları quraşdırılır. Binaların dam örtüyü də yenilənir.
Hal-hazırda salınan abad məhəllələri qısa zamanda əhalinin istifadəsinə verilməsi planlaşdırılır.