Bakı. Samir Əli -Trend:
Metroda sərnişindaşımanın bərpa olunmasına baxmayaraq, əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, qərar həm mövcud epidemioloji vəziyyət, həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib: "Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı isə tələbata uyğun olaraq tənzimlənir.
Eyni zamanda qeyd edim ki, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcəkdir. Sərnişin axınında azalma müşahidə olunarsa bu xətlərin fəaliyyəti dayandırılacaq. Xatırladım ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84 %-dək azaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması bildiyiniz kimi ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq qeyd etdiyim kimi bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq".
BNA rəsmisi deyib ki, metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşımaları yalnız avtobuslarla icra olunurdu: "Ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72.500.000-dən artıq sərnişin səfər sayı qeydə alınıb. Təkcə ekspres xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 3.946.209 . Avqust ayında tətbiq olunan yumşaldılmalarla gündəlik sərnişin səfər sayında ciddi artımlar müşahidə olunurdu. Ən maksimal göstərici isə 11 sentyabr tarixində qeydə alındı 2.081.661 sərnişin səfər sayı. Ötən 72 gündə digər bir maksimal göstərici gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı oldu. Son 10 gündə artıq xəttə gündəlik 2260 avtobus çıxarılırdı. Bütün avtobus parkı tam gücü ilə daşımalara cəlb olunmuşdu. Daşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 150 nəfərdən artıq əməkdaşı iştirak edirdi. Ən vacib məsələ daşımaların təhlükəsizliyi ilə bağlı idi. Vaxtında görülən işlərin nəticəsidir ki, ötən müddətdə sərnişinlərimizin ciddi xəsarət alması ilə nəticələnən hər hansı bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb ki, bu da olduqca vacib məsələdir".