...

Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?

Cəmiyyət Materials 24 Sentyabr 2020 09:45 (UTC +04:00)
Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?

Bakı. İlhamə İsabalayeva – Trend:

Bugünkü pandemiyadan ən çox təsirlənən sahələrdən biri uşaqların sosiallaşması, onların düzgün fiziki və pedaqoji inkişafı ilə bağlıdır.

Bunu Trend-ə psixoloq Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, qeyd olunan sahələr sağlam şəxsiyyətin formalaşması üçün zəruri şərt hesab olunur:

“Təbii ki, onlayn, virtual təhsil kimi hər bir yeniliyin həm müsbət, həm də mənfi təsirləri var. Çünki bu, könüllü seçim deyil, bunu etmək məcburiyyəti var. Onlayn təhsil əvvəlki illərdə də bəzi ölkələrdə olub. Məsələn, əlverişsiz şəraiti olan Avstraliyada bu tətbiq edilib, lakin orada bu, fərdi seçim əsasında olub”.

Onlayn təhsilin mənfi tərəfini qeyd edən psixoloq hesab edir ki, davamlı olaraq, telefon və kompüterlə keçən bir həyat tərzi uşaqların fiziki inkişafında problemlər yaradacaq. Evdə ailədaxili vəziyyətlə bağlı da narahatlıq varsa, bu, uşağa onlayn dərsdə oturmaqda çətinlik yaradacaq. Çoxuşaqlı imkansız ailələrin uşaqları da eyni vaxtda telefon və ya kompüterdə dərs keçə bilməyəcəklər. Digər tərəfdən, müəllimin eyni vaxtda onlayn olaraq bütün uşaqları izləmə imkanı olmaya bilər.

Psixoloq qeyd edib ki, internet problemləri dərsin axıcılılığını, emosional təsirini azaldacaq.

Belə mənfi nüansların hansı formada aradan qaldırılmasının mümkünlüyünə gəldikdə, E.Baxışlı qeyd edib ki, uşaqların psixoloqla əlaqəsi təmin edilməli, həftədə 1 dəfə uşaqlarla üz-üzə, canlı təmaslı dərslər qurulmalıdır. Bundan başqa, həftədə 1 dəfə açıq havada və ya geniş qapalı meydanda məsafə saxlamaq şərtilə idman dərsləri keçirilə bilər. Müəllimlərə gəldikdə, onlar üçün xüsusi onlayn təhsilin aparılmasına dair metodik kurslar keçməli və psixoloji konsultativ dəstək göstərilməli, pedaqoji bacarıqların virtual yollarla keçirilməsi ilə əlaqədar başqa ölkələrə məxsus təcrübələrin paylaşılması üçün xarici pedaqoji işçilərlə əməkdaşlıq etmək olar.

Onlayn təhsilin müsbət təsirlərindən danışan E.Baxışlı bildirib ki, onlayn təhsil sosial fobiyası olan uşaqlar üçün öz pedaqoji, intellektual bacarıqlarının göstərməsi baxımından daha səmərəli olacaq. Uşaqlar məktəbə getmək və gəlmək üçün vaxt itirməyəcəklər. Davamlı olaraq, ağır məktəb çantaları daşımayacaqlar. Ev şəraitində olduqlarından tənəffüslərdə “fast food” yeməkləri deyil, ev yeməkləri yeyərək daha sağlam qidalanacaqlar. Evdə daha gigiyenik şəraitdə olacaqlar. Valideynlər isə onlayn dərslərin hesabına evdə uşaqlarının dərsdəki fəaliyyətini izləmək imkanı əldə edirlər:

“O ki qaldı azyaşlı məktəblilərimizə, onların kompüter qarşısında davamlı otura bilməsi dərsin məzmun və tempinin təşkilindən asılıdır. Bu qrup üçün dərslər daha hərəkətli, emosional çalarlı, diqqəti müəllimdə saxlaya biləcək şəkildə olmalıdır. Əsas müraciətim isə valideynlərə olacaq. Yeni dərsə başlamış uşaqlar valideynlər üçün nümunə və özünüsübüt obyekti olmalı deyil. Ona görə də onlayn dərslər zamanı uşaqların səhv dediklərinə müdaxilə etmək, danlamaq, kiminləsə müqayisə etmək gərək deyil. Bu, onların sinif qarşısında özlərinə hörmət hissini aşağı salacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti