Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizi azad etməsi ilə Azərbaycanın yeni tarixi başlandı. Bu tarix əsaslı şəkildə yazılacaq və Azərbaycan tarixinin səhifələrinə daxil ediləcək.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdikləri tarixi əhəmiyyətə malik tədbirlərin ətraflı şəkildə gənclərə, xalqımıza və bütün dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilməlidir.
Tarixçi əlavə edib ki, bu gün Prezident İlham Əliyevin təcrübəli dövlət başçısı kimi fəaliyyəti xalqımızı qələbəyə aparması, respublikanın ərazi bütövlüyünü bərpa etmək bacarığı tarixin yenidən yazılmasına imkan verən bir dəyər kimi qiymətləndirilməli, yazılmalı, öyrənilməli və təbliğ edilməlidir.
Azərbaycanın Qarabağ regionunun dünyanın ən qədim insan məskənlərindən biri olduğunu xatırladan alim Azərbaycanın tarixində onun ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunun özünəməxsus yerinin olduğunu söyləyib.
Q.Hacıyev qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev 2-ci dəfə siyasi hakimiyyətə gələndən sonra Azərbaycanın müstəqillik dövrü tarixinin yazılmasına, tarixçilər tərəfindən Azərbaycan tarixinin müstəqilliyə qədər olan dövrünün ağ-qara ləkələrinin təmizlənilməsinə başlanıldı. Vaxtilə saxtalaşdırılmış tarixi məsələlərin yenidən və obyektiv yazılması həyata keçirildi:
"Azərbaycan Prezidenti İlham Əliyevin ‘‘Dağlıq Qarabağ işğal altındadır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıb. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işlərimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik...’’, ‘‘Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək.’’ ifadələrinə dövlət başçısının yeni fikirləri də əlavə olundu. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, biz yeni tarix yaradırıq. Azərbaycanın işğal olunmuş əraziləri azad ediləcək, yaşayış məntəqələrimizin tarixi adları bərpa ediləcək".