...

Gəncədə “İnsan alverinə qarşı mübarizə” mövzusunda onlayn tədbir keçirilib

Cəmiyyət Materials 21 Dekabr 2020 12:57 (UTC +04:00)
Gəncədə “İnsan alverinə qarşı mübarizə” mövzusunda onlayn tədbir keçirilib

Bakı. Trend:

Ombudsmanın Gəncə Regional Mərkəzi, Gəncə Gənclər Evi Sosial Xidmət Mərkəzi və şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İnsan alverinə qarşı mübarizə” mövzusunda birgə onlayn hüquqi maarifləndirici təşkil edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, gənclərin aktiv iştirakı ilə baş tutmuş tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İnsan Hüquqları Şurası və bir çox beynəlxalq insan hüquqları mexanizmi dəfələrlə insan alverinin əsas insan hüquqlarını pozduğunu və onlara qəsd etdiyini bəyan etmişlər. Bu baxımdan insan alveri ilə bağlı qanunvericilik tətbiq edilərkən insan hüquqları və məcburi əməyə dair qəbul edilmiş beynəlxalq konvensiyaların nəzərə alınmalı olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq hüquqda insan alveri ilə bağlı vacib beynəlxalq sənədlərə qoşulub.

S.Abbasov diqqətə çatdırıb ki, 28 iyun 2005-ci il tarixində Azərbaycanda insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul edilib. O bildirib ki, bu sahədə qəbul edilmiş milli fəaliyyət planlarının səmərəli icrası nəticəsində uğurlu praktika formalaşıb, hazırda icrası davam edən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin də müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmininə zəmin yaradıb.

Tədbirdə Azərbaycan Ombudsman təsisatının insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət, həmçinin 916 Çağrı Mərkəzi ilə bağlı məlumat verilərək vurğulanıb ki, insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan insan alveri cinayətinin qarşısının alınması və bu barədə məlumatlılığın artırılması məqsədilə müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib. Bu tədbirlərin əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, insan alveri ilə mübarizədə dövlət qurumların işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verdiyi qeyd olunub.

Tədbirdə çıxış edən Gəncə Gənclər Evi Sosial Xidmət Mərkəzinin direktoru Amil Qurbanov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Rəşad Əlizadə gənclər arasında insan alveri ilə mübarizə məqsədilə hüquqi maariflənmənin əhəmiyyətini qeyd ediblər.

Tədbir mövzu ilə bağlı aktiv müzakirələr şəraitində davam edib, gənclər tərəfindən verilmiş suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti