Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib. Vebinarda nazirliyin əməkdaşları ilə yanaşı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllim və direktorları iştirak ediblər.
Trend-in məlumatına görə, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə Dünya Ekoloji Təhsil Gününün ətraf mühit problemlərinin ictimaiyyətə çatdırılması, gələcəkdə baş verə biləcək fəsadların qarşısının alınması üçün bir çağırış olduğunu bildirib. O ekoloji maarifləndirmə və təbliğat işlərinin ətraf mühitin qorunmasında vacib rol oynadığını qeyd edib.
ETSN-nin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ölkəmizdə meşələrin, yaşıllıqların mühafizəsi, bərk tullantıların idarə olunması sahəsində, plastik və polietilen tullantılarla mübarizədə görülən işlər barədə məlumat verib. O, “Təbiəti dəyişmə, özünü dəyiş” mövzusunda təqdimat edib və plastik tullantıların ətraf mühitə zərəri, onunla mübarizə üsulları barədə danışıb.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov, Göygöl Milli Parkının əməkdaşı Fuad Quliyev çıxış edərək milli parklarda müxtəlif ekoloji tədbirlərin təşkil olunduğunu, məktəblilər üçün açıq dərslərin keçirildiyini, bununla da təbiətə sevginin, ekoloji tərbiyənin kiçik yaşlardan formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar və hər kəsi ətraf mühitin qorunmasında birlik nümayiş etdirməyə səsləyiblər.
Vebinarda milli parklar haqqında çəkilmiş film və reportajlar da nümayiş etdirillib.
Tədbir zamanı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış azərbaycan və rus dillərində “Plastik bizim həyatımızda - 5 dərs” adlı metodiki vəsaitin təqdimatı da olub.