Bakı. Ceyhun Ələkbərov - Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Vətən müharibəsində şəhid olan əməkdaşlarının ailəsinə hər ay 250 manat ödəniş edəcək.
Trend-in məlumatına gorə, QSC-nin sədri Rauf Vəliyev Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla videoformatda görüşü zamanı bildirib. O qeyd edib ki, yaralı və müharibə iştakçılarına da hər ay ödənişlər olacaq:
"Vətən müharibəsində ASCO ailəsindən 58 nəfər qatılsa da, 44 gün ərzində iş başında olan bütün dənizçilərin də ürəyi ön cəbhə ilə döyünüb. ASCO-nun I Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına göstərilən sosial dəstək Vətən müharibəsinin döyüşçü dənizçilərinə də şamil olunacaq. Belə ki, hər ay müharibədə şəhid olan ASCO əməkdaşlarının ailəsinə 250, yaralılara 150, müharibə iştirakçılarına 100 AZN ödəniş ediləcək. Bundan başqa, Vətən müharibəsində iştirak edən ASCO əməkdaşları, ADDA və Dənizçilik kollecinin məzunları haqqında kitab hazırlanacaq və bu kitab dənizçilərin qəhrəmanlığını gələcək nəsillərə ötürəcək".
Sədr əlavə edib ki, döyüşlərdə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası və Dənizçilik Kollecinin məzunları da yaxından iştirak edib. Bu təhsil ocaqlarının hər birinin 4 məzun dənizçisi şəhidlik zirvəsinə ucalıb.