...

MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarların birinci mərhələsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2021 15:22 (UTC +04:00)
MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarların birinci mərhələsi yekunlaşıb (FOTO)

Bakı. Trend:

“ADA” Universitetində MEDİA Agentliyi ilə birgə təşkil edilən və dövlət təşkilatlarının ictimai əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulan “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzulu silsilə seminarların birinci mərhələsi yekunlaşıb.

Trend agentliyə istinadən xəbər verir ki, fevralın 3-də seminarların ilk mərhələsini bitirən 37 məzun sertifikatla təltif edilmişdir. Təltifetmə mərasimində çıxış edən “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə təbriklərini çatdıraraq MEDİA Agentliyi ilə ilk əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd etmişdir. O, bildirmişdir ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır. Prorektor MEDİA Agentliyi ilə tərəfdaşlığın gələcəkdə də sıx davam edəcəyinə ümidlərini bildirib.

İki həftə davam edən silsilə seminarların birinci mərhələsində iştirakçılar yerli və xarici media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi məsələlərini diqqətdə saxlamış, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq təmsil etdikləri qurumlara dair daha keyfiyyətli ictimai məzmunun yaradılması yollarını nəzərdən keçirmişdilər.

Seminar iştirakçıları təəsüratlarını bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildirmişdilər. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Natiq Axundovun fikrincə, seminarlar dövlət qurumları ilə media orqanları arasında əlaqələrin gücləndirilməsi baxımdan faydalı oldu. Xüsusilə, sosial medianın imkanlarından effektiv şəkildə yararlanmaq, dezinformasiyaların qarşısının almaq, operativliyi artırmaq üçün əhəmiyyətli müzakirələr aparıldı.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə qoyulan mövzuların əhatəli işıqlandırılması ilə yanaşı, seminar günləri zamanı təmsil olunan qurumların nümayəndələri arasında peşəkar şəbəkənin möhkəmlənməsini üstünlük kimi qeyd etmişdir. Media ilə işin qurulmasında mövcud çağırışlara və həll yollarına işıq saçmaq, gələcək hədəflərə yol xəritəsi müəyyənləşdirmək üçün ekspert mühazirələri ilə birgə iştirakçıların qarşılıqlı qatqısı da əhəmiyyət kəsb edirdi.

Seminarın birinci mərhələsi yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları və ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə fikir mübadiləsi hissələrindən ibarət idi.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti