Bakı. Samir Əli - Trend:
Azərbaycanda "Qırmızı kitab"ın yenilənməsi ilə bağlı işlərə başlanılıb.
Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanın "Qırmızı kitab"ı hər 10 ildən bir yenilənməlidir: "Sonuncu dəfə "Qırmızı kitab" 2013-cü ildə yenilənib. Növbəti dəfə kitabın 2023-cü ildə nəşri planlaşdırılır. Mayın 1-də komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə bağlı ilk iclası olacaq.
İclasda 2021, 2022 və 2023-cü illərdə "Qırmızı kitab"ın nəşri ilə bağlı görüləcək işlər müzakirə ediləcək, plan təstiqlənəcək. Komissiya sədri tərəfindən müvafiq tapşırıqlar veriləcək. Növbəti "Qırmızı kitab"ımız daha özəl və rəngarəng olacaq. Ona görə ki, əvvəlki "Qırmızı kitab"larda Qarabağ bölgəsi və ətraf ərazilərdəki nadir, nəsli kəsilməkdə olan növlərin monitorinqini aparmaq imkanımız yox idi. Ötən illərdə nəşr edilən "Qırmızı kitab"lara sonuncu dəfə 1989-cu ildə əldə edilən məlumatlar var idi, Amma bu kitabda imkanımız olacaq ki, həmin əraziləri daha dəqiq monitorinq edək, ona görə məlumatlar daha dəqiq olacaq".
Twitter: @GuleliyevSamir