...

Əlillik dərəcəsini müəyyən edəcək layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib

Cəmiyyət Materials 2 İyun 2021 16:52 (UTC +04:00)
Əlillik dərəcəsini müəyyən edəcək layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. Elçin Mehdiyev – Trend:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. O qeyd edib ki, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər təklif edilir.

M.Quliyev bildirib ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq: “Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq”.

Komitə sədri vurğulayıb ki, qanuna dəyişiklik bu gün komitə iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib: “Əgər qanuna dəyişikliklər qəbul olunsa, yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti