...

Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, qazilərə və iştirakçılara orden və medalların təqdimetmə mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 İyun 2021 20:00 (UTC +04:00)
Xəzər rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, qazilərə və iştirakçılara orden və medalların təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə, Xəzər Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Xəzər rayonu üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilmişdir.

26 iyun 2021-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında təşkil olunan mərasimdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişdir.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, daha sonra RİH başçısı E.Salahov tərəfindən tədbir açıq elan edilərək, vətən müharibəsi şəhdlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin davamında Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışlar etmişdirlər.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Döyüşdə fərqlənməyə görə” , “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş şəhid və müharibə iştirakçılarının medallarının təqdimatına başlanılmışdır.

Ümumilikdə Xəzər rayonu üzrə şəhid olmuş 44 hərbi qulluqçudan ilkin mərhələdə 26 şəhidin ailəsinə “Vətən uğrunda” medalları təqdim edilmiş, 5 nəfər müharibə iştirakçısına “Cəsur döyüşçü” medalları, 1 nəfər müharibə iştirakçısına “Döyüşlərdə fərqlənməyə görə” medalı, 1 nəfər müharibə iştirakçısına 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı və 1 nəfər müharibə iştirakçısına “Vətən uğrunda” medalı təqdim edilmişdir.

Təqdimetmə mərasimi başa çatdıqdan sonra Şəhid Şirvani Həsənağanın anası Rəfiyeva Şəfəq Faiq qızı, Şəhid Məmmədzadə Bəhram və İman qardaşlarının atası Məmmədzadə Elman Dədəkişi oğlu, Şəhid Qasımov Ramiz Vaqif oğlunun həyat yoldaşı Qasımova Günel Heydər qızı və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Əfəndiyev Murad Nəsrəddin oğlu çıxışlar edərək, ölkə başçısının şəhid ailələri və müharibə iştirakçılarına qarşı göstərdiyi yüksək diqqət və qayğıya görə öz dərin təşəkkürlərini bildirmişdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti