...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “İctimai Şura” yaradır

Cəmiyyət Materials 9 İyul 2021 10:05 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “İctimai Şura” yaradır

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılmasına başlanılıb.

Komitədən Trend-ə verilən məlumata görə, "İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli qanun və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şura üzvlüyünə namizədin irəli sürülməsinə və qeydiyyata alınmasına bu gündən başlanılacaq və proses 20 iş günü müddətində, yəni avqustun 9-da yekunlaşacaq.

İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib. Hər bir vətəndaş cəmiyyəti institutu Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Namizədlərə dair tələblər:

- Şuraya milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə memarlıq, şəhərsalma və inşaat sahəsi üzrə təcrübəyə və ya biliyə malik 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaş üzv ola bilər.

İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti;

Namizədin tərcümeyi-halı;

Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Namizədlər qeyd olunan sənədləri 2021-ci il 9 iyul - 9 avqust tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-a qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (Seçki Komissiyasına) şəxsən təqdim edə və ya [email protected] elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər. İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası 3 iş günü müddətində baxacaq və müvafiq qərar qəbul edəcək.

Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 12 492 31 89 (712) nömrəli telefonla əlaqə saxlanıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti