...

30 ilə yaxındır atamdan xəbər ala bilmirik - Şuşanın işğalı zamanı itkin düşmüş şəxsin oğlu

Cəmiyyət Materials 30 Avqust 2021 15:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu günədək bizim müraciətlərimiz beynəlxalq təşkilatlar tərəfindən əhəmiyyətsiz hesab edilib və atam barədə dəqiq informasiya ala bilmirik.

Bunu Trend-ə açıqlamasında 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı itkin düşmüş Feruz Məmmədovun oğlu Bəxtiyar Məmmədli deyib.

Onun sözlərinə görə, F.Məmmədov Şuşanın işğalı zamanı 816 saylı Şuşa özünümüdafiə batalyonunda xidmət edib: “Mayın 8-də Şuşanın işğalı zamanı ermənilər tərəfindən əsir götürülən atam haqqında 1-2 dəfə xəbər ala bilmişik. Dəfələrlə onun əsirlikdən qurtarılması üçün addımlar atılsa da, bu, heç bir nəticə verməyib. Söhbət əlbəttə ki, 1992-1993-cü illərdən gedir. Həmin illərdə Əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciətlər etmişik. Rəsmi qurumlar ötən müddət ərzində axtarışların getdiyini bildirib. Biz ötən müddət ərzində ümidimizi itirməmişik. Artıq 30 ilə yaxın bir müddəti geridə qoymuşuq və həqiqətən də atam və onun kimi əsir və girov götürülən, itkin düşən şəxslərin ailələri böyük narahatlıq içərisindədir”.

B.Məmmədli qeyd edib ki, BQXK tərəfindən erməni əsir və girovlara göstərilən münasibət azərbaycanlı əsir və girovlardan fərqlidir: “Biz dəfələrlə şahidi oluruq ki, BQXK erməni əsir və girovlarla bağlı daha çox addım atır, nəinki azərbaycanlılarla bağlı. Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu beynəlxalq qurumun fəaliyyəti bizim kimi həssas ailələrin heysiyyatına toxunur. Halbuki, biz illərdir atalarımızın, qardaşlarımızın yolunu gözləməkdən yorulmuşuq. Beynəlxalq təşkilatlar isə ağızlarına su alıb oturub, illərdir yaşanan insanlıq faciəsinə göz yumurlar. Faktiki olaraq, BMT və onun təsisatları, Avropa İttifaqı, Avropa Şurası və onun institutları, o cümlədən BQXK azərbaycanlı əsir, girov və itkin düşmüşlərin talelərinə aydınlıq gətirilməsi istiqamətində heç bir addım atmır. Təəssüflər olsun ki, bu istiqamətdə adları qeyd edilən beynəlxalq qurumlar Ermənistana təzyiq etmək istəmirlər. Bu isə faşist Ermənistanın illərdir əl-qolunu açır. Hesab edirəm ki, buna son qoyulmalıdır və atam kimi bütün azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməli və Ermənistana təzyiq göstərilməlidir”.

Xəbər lenti

Xəbər lenti