...

Bakı Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb? - AÇIQLAMA

Cəmiyyət Materials 2 Oktyabr 2021 12:44 (UTC +04:00)
Bakı Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecindən 67 müəllimin bir gündə işdən çıxarıldığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Trend-in sorğusuna cavab olaraq Bakı Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini Kamran Məsimov bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir, sadəcə olaraq təhsil müəssisəsində struktur dəyişiklikləri aparılır:

"Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib və sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir. Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir. Qeyd edək ki, bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər idi ki, bu da orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. Həmçinin Humanitar Kollecin bəzi müəllimlərinin orta ixtisas təhsilli olduğu müəyyən edilib ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Hazırda struktur dəyişikliklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir".

Qeyd edək ki, ötən gün Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə 67 müəllimin işdən çıxarıldığı ilə bağlı məlumat yayılmışdı. N.Qaralova bundan əvvəl isə onlayn imtahan zamanı tələbəni təhqir etməsi ilə gündəmə gəlmişdi. Məsələ ictimailəşəndən sonra direktor işlətdiyi nalayiq ifadəyə görə tələbələrdən üzr istəmiş və onun barəsində tənbeh tədbiri görülmüşdü.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti