...

Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb

Cəmiyyət Materials 7 Oktyabr 2021 18:04 (UTC +04:00)
Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb

Bakı. Samir Əli - Trend:

Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb.

Bunu Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, aparılmış struktur dəyişikliyinə əsasən, paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilmişdir: "Vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək, onlara ixtisaslaşdırılmış tibbi xidmətlərin vahid bir tibb müəssisəsində göstərilməsi üçün müvafiq şöbələrin yaradılması zəruri idi. Agentlik tərəfindən aparılan islahatların nəticəsi olaraq Kliniki Tibbi Mərkəzdə uroloji şöbə fəaliyyətə başlamışdır. Bununla yanaşı, sözügedən mərkəzdə LOR, neyrocərrahiyyə və kardiovaskular cərrahiyə şöbələri yaradılmışdır.

Urologiya şöbəsinin yaradılmasında əsas məqsəd tibb müəssisəsinə müraciət edən vətəndaşların yanaşı gedən xəstəliklərin müayinə və müalicəsini digər tibb müəssisəsinə müraciət etmədən eyni xəstəxanada ala bilməsidir. Qeyd edək ki, sözügedən şöbəyə Türkiyə və Almaniyada təhsil almış 4 həkim uroloq cəlb olunub. Şöbədə laparoskopik-endoskopik-robotik cərrahiyyənin inkişaf etdirilməsi tibb müəssisəsinin əsas hədəflərindən biridir. Şöbədə böyrək daxili, sidik axarı və sidik kisəsi daşlarının kəsik aparılmadan endoskopik yolla xaric edilməsi və ümumilikdə urologiya sahəsini əhatə edən çoxsaylı əməliyyatların icrası mümkündür. Kliniki Tibbi Mərkəz Agentlik tərəfindən bu kimi əməliyyatların aparılmasında istifadə olunan 64 kəsimlik yeni kompüter-tomoqrafiya, 4-cu səviyyə tam avtomat analizator, narkoz aparatları, kardiomonitorlar, defibilyatorlar, infuzomatlar, perfuzorlar və s. xüsusi tibbi avadanlıqlarla ilə təmin olunmuşdur.

Kliniki Tibbi Mərkəzin digər şöbələrinə də növbəti dövrlərdə yüksək ixtisaslı həkimlərin cəlb edilməsi və müvafiq tibbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulmuşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti