...

Prezident İlham Əliyevin sadəliyi, səmimiliyi məni heyran etdi - BANM tələbəsi

Cəmiyyət Materials 13 Oktyabr 2021 10:36 (UTC +04:00)
Prezident İlham Əliyevin sadəliyi, səmimiliyi məni heyran etdi - BANM tələbəsi

Bakı. Trend:

Prezident İlham Əliyevin oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümü münasibətilə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Oktay Əmrahov da olub. Onun ailəsi Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Xətai kəndi işğal edildikdən sonra məcburi köçkün düşüb, Bakı şəhərində məskunlaşıb.

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, 2004-cü ildə Bakı şəhərində anadan olan Oktay Əmrahov BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsidir. O, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbin məzunudur. Qəbul imtahanlarında 646,4 bal toplayıb.

Prezidentlə görüşdən təəssüratlarını bölüşən BANM tələbəsi deyir ki, Dövlət başçısı ilə görüşdə çox həyəcanlı olub, hətta həyəcandan adını deməyi unudub. Ali Baş Komandanla görüşməklə Oktay həm də ən böyük arzularından birinə çatıb: “Cənab Prezidentin sadəliyinə, səmimiliyinə, xoş rəftarına heyran oldum. O, hər kəslə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədi. Mən də Dövlət başçımıza yaxınlaşıb salam verdim və Bakı Ali Neft Məktəbinin tələbəsi olduğumu bildirdim. Prezidentimiz də tələbələrə salam söyləməyimi dedi. Cənab Prezidentdən xoş sözlər eşitmək həm mənim, həm də Ali Məktəbimiz üçün böyük qürur hissidir”.

BANM-i seçməyindən də danışan Oktay Əmrahov bildirir ki, bu seçimində kimya müəlliməsinin tövsiyəsi böyük rol oynayıb. Onun məsləhətindən sonra bu Ali Məktəbdə Neft-qaz mühəndisliyi ixtisasına daxil olmağı hədəf seçib və yüksək nəticə göstərərək istəyinə nail olub.

Oktay Əmrahovun məqsədi dərslərində uğurlu, çalışqan, Ali Məktəbdə fəaliyyəti ilə iz qoyan tələbələrdən biri olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti