...

Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2021 10:05 (UTC +04:00)
Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 31-i Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin anım günüdür. Kənan Rüstəmlinin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım mərasimində BSU-nun müəllim və tələbələri,əməkdaşları, Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, ziyalılar,incəsənət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhid Kənan Rüstəmlinin məzarı və xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış abidə-bulaq kompleksi ziyarət edilib, məzarı və abidə-bulaq kompleksi önünə əklil və gül dəstələri qoyulub,ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən,dosent Kamran Hacıyev universitetin rəhbərliyi və kollektivi adından şəhid Kənan Rüstəmlinin valideynlərinə başsağlığı verərək belə sözübütöv, igid, cəsur, vətənpərvər övlad böyütdükləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində Böyük Zəfər qazanması ölkəmizin ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Azərbaycanın həyatında yeni mərhələ açan bu möhtəşəm tarixi Qələbənin qazanılmasında Kənan Rüstəmli kimi mərd, fədakar, qeyrətli oğullarımızın müstəsna xidmətləri var.Şəhidlik zirvəsinə yüksəlmiş belə oğullarımız əbədiyaşarlıq qazanıblar. Xalqımız,millətimiz, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Şəhid Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli onlara göstərilən yüksək diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Daha sonra şəhid Kənan Rüstəmlinin ailə üzvləri ilə görüşən BSU-nun müəllim və tələbələri şəhidin ailəsi ilə hər zaman həmrəy olduqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti