...

Avropanın gənc liderləri davamlı sülh üçün Azərbaycana gəlib

Cəmiyyət Materials 5 Noyabr 2021 17:38 (UTC +04:00)
Avropanın gənc liderləri davamlı sülh üçün Azərbaycana gəlib

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə tarixi qələbəmizə həsr olunmuş “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumunun açılış tədbiri baş tutub.

Trend xəbər verir ki, 5-9 noyabr tarixlərini əhatə edəcək forumun məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 30 ilə yaxın müddətdə davam edən işğala son qoymasını dünyaya çatdırmaq, ölkəmizin ədaləti və beynəlxalq hüququn tələblərini öz gücü ilə təmin etməsini beynəlxalq arenada təbliğ etməkdir.

Tədbirdən öncə forum iştirakçıları olan xarici qonaqlar Şəhidlər Xiyabanı, I və II Fəxri Xiyabanları ziyarət edib, daha sonra Bakı Konqres Mərkəzində keçirilən Beynəlxalq Gənclər Forumunun rəsmi açılış mərasiminə qatılıblar. Mərasimdən öncə “Qarabağ həqiqətləri fotolarda” sərgisinə baxış keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri ---, Türkiyə, Fransa, İtaliya, Bolqarıstan, Rumıniya, Çex Respublikası, Polşa, Ukrayna, Serbiya, Gürcüstan, Rusiya və Moldova səfirliklərinin nümayəndələri, Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər, fəal gənc ekspertlər və ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldığını bildirib, şanlı Zəfərimizin ildönümündə nüfuzlu beynəlxalq gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan forumun haqlı mövqeyimizin daha geniş miqyasda təqdimatı üçün uyğun platforma olduğunu vurğulayıblar. Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri münaqişənin və işğalın bitməsinin Avropada sülh və təhlükəsizliyinin möhkəmlənməsində xüsusi rolunu diqqətə çatdırıraq, Azərbaycana bu xüsusda təşəkkürlərini bildirmişlər.

Forumun xarici qonaqları milli gənclər təşkilatları rəhbərləri, gənc liderlər, ekspertlər, hökumət rəsmiləri, millət vəkilləri və media təmsilçiləri ilə birgə sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirəsində iştirak ediblər. Müzakirələr zamanı Azərbaycan xalqını qələbə münasibətilə təbrik edən qonaqlar münaqişənin həll olunması, işğala son qoyulmasının Avropada sülh və təhlükəsizliyin təmin olunmasına verəcəyi müsbət töhfələr barədə danışıb, Azərbaycan tərəfinin regionda sülhün bərqərar olunması ilə bağlı davamlı çağırışlarını pozitiv dəyərləndiriblər.

Zəfər gününün birinci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri bir çox dövlət qurumlarında görüşlər keçirəcək, Vətən müharibəsi dövründə düşmən tərəfindən məqsədli şəkildə hərbi təcavüzə məruz qalmış Gəncə şəhərinə, eləcə də işğaldan azad edilmiş, vandalizm qurbanı olan Ağdam şəhərinə səfərlər edəcək, böyük quruculuq-abadlıq mərhələsinə qədəm qoyan işğaldan azad edilmiş şəhərlərimizi ziyarət edəcəklər.

Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu, 21 ölkənin gənclər təşkilatlarının qoşulması ilə mərkəzi Bakı şəhərində olmaqla “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı geniş tərkibli əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti