...

İşğaldan azad edilmiş Ağdam şəhərində Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Cəmiyyət Materials 8 Noyabr 2021 18:24 (UTC +04:00)

Bakı. Trend:

Ağdam şəhəri daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, aksiyada Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən, ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan sənaye zonası salınacaq ərazinin ətrafı daş və digər tullantılardan təmizlənib, hamarlanıb, əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 800 ədəd həmişəyaşıl ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman hərbçilərimizin canı-qanı bahasına azad olunmuş torpaqlarımızda bir ildir quruculuq işləri gedir. Bunlar çox əlamətdar günlərdir. Artıq bizim böyük tarixi Qələbənin bir illiyi tamam olur və biz hamımız böyük ruh yüksəkliyi ilə Zəfər bayramını qeyd edirik”.

O bildirib ki, bu günlərdə Prezidentimizin təşəbbüsü ilə “Azərbaycanda 44 min ağac əkək” aksiyasına start verilib. Bu gün Ağdam şəhərində Regional İnkişaf İctimai Birliyinin və Ağdam nümayəndəliyinin əməkdaşları və Ağdam könüllüləri ilə bir qrupda bu aksiyaya qoşulduq. Burada böyük bir kollektivlə 800 ağac əkildi. Ağacları ilk olaraq sənaye zonasının ərazisində əkdik. Çünki sənaye zonası Ağdam şəhərində bərpa olunan ilk sahədir. Bu da ona görə vacibdir ki, burada yeni iş yerləri yaradılacaq və sənaye zonasının ətrafı tamamilə meşə zolağından ibarət yaşıllıqla əhatə olunacaq. Növbəti günlərdə də ağacəkmə aksiyası davam edəcək. Əkilən ağaclar Ağdam şəhərinə gözəllik qatacaq. Burada aparılacaq quruculuq işlərinin tərkib hissəsi olaraq meşə zolağı salınacaq. Əlbəttə ki, bütün bu işlərin məntiqi nəticəsi odur ki, vətəndaşlarımız tezliklə dədə-baba torpaqlarına qayıtsınlar. Burada firavan, gözəl həyat sürsünlər, əmək fəaliyyəti ilə məşğul olsunlar. Biz buna tam əminik və bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.

RİİB-nin könüllüsü Ceyran Quluzadə işğaldan azad olunmuş ərazilərin yaşıllaşdırılmasında iştirak etdiyinə görə qürur duyduğunu bildirib. O deyib: “RİİB-in könüllüləri kimi Ağdamda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edirik. İşğaldan azad edilmiş torpaqlarımızda belə aksiyanın iştirakçısı olmaq qürurvericidir. Biz gənclər bu sevinci bizə bəxş edən Prezidentimizlə, qüdrətli ordumuzla qürur duyuruq. Şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti