...

Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL

Cəmiyyət Materials 28 Yanvar 2022 21:00
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün koronavirusla bağlı dünyada vəziyyət yenidən gərgin həddə çatır, yoluxmaların sayında rekordlar müşahidə olunur. Dünyada müşahidə olunan bu gərginlik ölkəmizə də təsirsiz ötüşmür. Məlumdur ki, pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır.

Milli Məclisin deputatı Cavid Osmanov Trend-in sualına cavabında bildirib ki, Azərbaycan ilk gündən pandemiyaya qarşı effektiv və sistmeli şəkildə mübarizə aparıb və bu gün də davam etdirməkdədir.

Deputat qeyd edib ki, bunun nəticəsidir ki, dünya ölkələrində müşahidə edilən gərginlik Azərbaycanda müşahidə edilmir.

“Lakin gərginliyin artmaması üçün vətəndaşlar da öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidir. Məlumdur ki, Azərbaycan pandemiyaya qarşı vaksinasiya tətbiq etməyə başlayan ilk dövlətlərdən biridir. Dövlətimiz insanların sağlamlığını düşünərək vaksinasiyanın ölkəmizə gətirilməsinə nail oldu və bu gün insanlarımız bir neçə vaksin arasında seçim etmək imkanına malikdir.

O da məlumdur ki, "buster" doza virusa qarı immuniteti xeyli artırır. Ona görə düşünürəm ki, vətəndaşlarımız dövlətin yaratdığı bu imkanlardan daha səmərəli istifadə etməli, vaksin vurdurmayanlar vurdurmalı, vurduranlar isə "buster" dozanı da qəbul etməlidir ki, virusa qalib gələ bilək”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə qeyd edib ki, dünya yenə də koronavirus bəlasından əziyyət çəkir.

“Son günlər müxtəlif ölkələrdə yoluxma ilə bağlı antirekordlar yenilənməkdə və izlənməkdədir. Təsəvvür edin ki, 2 həftə bundan öncə Moskvada uşaqların məlum virusa yoluxma sayı 2 min idisə, indi 30 mindir. Eləcə də Fransa. Bildiyim qədər, sutkalıq yoluxma 500 minə yaxınlaşır. Bu nə deməkdir? Bu o deməkdir ki, “omikron” ştammı indiyə qədər mövcud olan ştamların arasında ən tez, ən sürətlə yayılanıdır. Belə olan halda isə hamı ilk vövbədə məsuliyyətli olmalı, koronaya qarşı mübarizə aparmalıdır. Həmin məsuliyyətin də əsas komponenti “buster” doza almaqdır.

Bir ara bizim xəstəxanalarda, peyvənd vurulan digər məkanlarda ciddi sıxlıq, növbələr yaranmışdı. Niyə? Çünki müəyyən qadağalardan sonra hamı eyni anda vaksin olunmağa getmişdi. Üstəlik, onu da bilirsiniz ki, fevral ayının ortalarından etibarən artıq 2 dozanın etibarsızlığı müəyyən olunub. Yəni, “buster”ə ehtiyac var. Bu səbəbdən hər kəsə tövsiyə edirəm ki, “buster” peyvəndlənməsinə elə bu gündən getsinlər. Fevralı gözləməyə ehtiyac yoxdur. Yoxsa yenə sıxlıq olacaq, yenə növbələr yaranacaq, eyni proses təkrarlanacaq”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycan dövləti və höküməti öz vətəndaşının sağlamlığı üçün mümkün olan bütün addımları atır.

“Ölkədə yetərincə peyvənd ehtiyatı var. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Yetər ki, vətəndaşlar da bu məsələdə aktiv olsunlar, dövlətin çağırışlarını eşitsinlər, vaxtında, gecikmədən vaksin olunsunlar, “buster” doza qəbul etsinlər. O zaman heç bir təhlükədən söhbət gedə bilməz”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti