Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman və Aparatın əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir.
Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən N saylı hərbi hissəsinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.
Tədbir zamanı Daxili Qoşunların komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi və hərbi hissə komandiri tərəfindən Daxili Qoşunların yaranma tarixi və fəaliyyəti, həmçinin Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsində iştirakı, o cümlədən şəhid və qazi olan hərbi qulluqçuları ilə bağlı ətraflı məlumat verilib.
Eyni zamanda, Ombudsman hərbi hissənin qərargahına, əsgər yataqxanasına, hərbi qulluqçularla ideoloji iş otağına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, Daxili Qoşunların tarixini və fəaliyyətini özündə əks etdirən muzeyə və digər obyektlərə baxış keçirib, hərbi qulluqçular üçün yaradılmış istirahət və məişət şəraiti ilə tanış olub.
Müvəkkil yeməkxana korpusunda olarkən orada işləyən mülki şəxslərlə görüşərək söhbət edib və ləyaqətli əməklərinə görə onlara təşəkkürünü bildirib.
Müvəkkil Daxili Qoşunların Komandanlığı ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.