Bakı. Trend:
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2022/2023-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Trend qaydaları təqdim edirik:
I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil
müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul
ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə
18 yaşından 23 yaşınadək kişi cinsli hərbi
qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan
kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur
və ayda 153 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı
ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq
qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına
hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr
dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
qəbul olmaq istəyən namizədlər 1 aprel 2022-ci il tarixdən
30 aprel 2022-ci il tarixədək ərizə ilə məktəb rəisinə
müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap
edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş
surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş
arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən)
verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm və 2 ədəd
4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya
qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq
ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair
müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin
nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması
haqqında arayışlar.
Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq
istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə
helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin
müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi
qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd
tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA
KEÇİRİLİR
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı
qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi
həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi
Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin
siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət
İmtahan Mərkəzinə göndərilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün
keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından
müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas
qrupunun fənləri üzrə keçirilir.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral
tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”na uyğun olaraq mərkəzləşdirilmiş qaydada Dövlət
İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahanlarda
əldə etdikləri nəticələr əsasında qəbul edilirlər.
Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur
(ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9. (əlaqə telefonu:
012-479-78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet saytında yerləşdiriləcək.