Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) “Open Science
Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə
dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında
Open Science platformasının təbliği” mövzusunda seminar
keçirilib.
Seminarda çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü
İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. O,
“Open Science”in gənc alimlər arasında böyük maraq doğurduğunu,
müraciətin gözlənilən nəticədən daha çox olduğunu bildirib: “Lahiyə
1600 nəfərdən çox gənc alimi əhatə etdi. Qərara aldıq ki, hər
universitetdən 25 nəfər xarici dili bilən, daha çox potensialı
olan, özünü elmdə görmək istəyən magistrları cəlb edək, beş
universitet olmaqla silsilə tədbirlər keçirək”.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla
layihənin əhəmiyyətindən danışıb, ona olan marağı yüksək
dəyərləndirib. Rektor ADU-da müvafiq istiqamətdə atılan addımlar
haqqında geniş məlumat verib, gənc alimlərin elmə olan marağına
toxunub. Bildirib ki, universitetdə sanskrit dilinin tədrisinə
başlanılıb və bu dilin öyrənilməsi Azərbaycan filoloji və humanitar
elmi üçün vacib məsələdir.
Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Anar Nağıyev “Open Science Azərbaycan: gənc tədqiqatçılar
arasında Open Science platformasının təbliği” layihəsinin gənc
tədqiqatçıların inkişafına yönələn əhəmiyyətinə toxunub. Qeyd
olunub ki, layihə elmi-tədqiqatların tamamilə şəffaf aparılması
təcrübəsini təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya
çatdırır, gənc alimlərin məqalələrinin nüfuzlu beynəlxalq elmi
jurnallarda dərc olunması imkanını yaradır. Layihənin məqsədi
elmi-tədqiqatların, məlumatların və onların yayılmasının cəmiyyətin
bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir.
Rektor eyni zamanda beynəlxalq elmi jurnallarda çap olunan
Azərbaycan alimlərinin tədqiqat əsərləri haqqında da danışıb.
Macarıstan Elm və İnnovasiyaların İdarə Edilməsi Fondunun
prezidenti, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri
Universitetinin dosenti Peter Szabo "Macarıstanda ali təhsilin
rəqəmsal transformasiyası: Open Science mövcud imkanlar və
perspektivlər" adlı mövzu ilə slayd vasitəsilə çıxış edib.
Sonda qonaq Peter Szabo iştirakçıların layihə ilə bağlı suallarını
cavablandırıb.