...

Ümid edirik ki, sabah dünya çempionatının "qızıl"ını qazanacağıq - gümüş medallar qazanan Azərbaycan gimnastları

Cəmiyyət Materials 12 Mart 2022 22:37 (UTC +04:00)
Ümid edirik ki, sabah dünya çempionatının "qızıl"ını qazanacağıq - gümüş medallar qazanan Azərbaycan gimnastları

Bakı. Trend:

Dünya Çempionatının növbəti finalında qızıl qazanacağımıza ümid edirik.

Bunu şənbə günü Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının gümüş medalçıları, qarışıq cütlükdə çıxış edən Azərbaycan idmançıları Ağasif Rəhimov və Raziyə Seyidli deyiblər.

"Sabah bizi daha bir final gözləyir, tarazlıq hərəkətlərində çıxış edəcəyik, ümid edirik ki, “qızıl” qazanacağıq. Hesab edirik ki, tarazlıq hərəkətləri kvalifikasiyasında birinci yeri tutduğumuzu nəzərə alsaq, yaxşı şanslarımız var. Çalışaq ki, bu nəticəni finalda da təkrarlayaq", - idmançılar bildirib.

Onlar bugünkü çıxışlarında razı qaldıqlarını vurğulayıblar.

"Təbii ki, daha yaxşı nəticə göstərmək istəyirdik, amma təəssüf ki, kiçik səhvlərə yol verdik. Bu çatışmazlıqlar olmasaydı, nəticə çox yaxşı olardı. Səhvlər kiçikdir, lakin təbii ki, arbitrlərin gözündən yayınmayıb. Dünya çempionatında bütün rəqiblər güclüdür - zəif idmançı yoxdur. Biz onlarla yarışlarda birinci dəfə deyil ki, görüşürük. Keçən il Avropa çempionatında da demək olar ki, eyni gimnastlar çıxış edirdi. Biz bir-birimizi yaxşı tanıyırıq, hər birinin potensialını, bacarığını bilirik", - atletlər qeyd edib.

Onlar əlavə edib ki, Avropa çempionatından sonra yerinə yetirilən olunan elementlərin səviyyəsi çətinləşdirilib.

Qeyd edək ki, hazırda dünya çempionatında Azərbaycan yığmasının aktivində üç medal var. Ağasif Rəhimov və Raziyə Seyidli “gümüş”, kişi cütlüyündə yer alan Daniel Abbasov və Murad Rəfiyev isə iki “bürünc” medal qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti